Qəbələdə Beynəlxalq Aeroport açılıb
18 Noyabr 2011 Cümə 14:37
Aeroportun rəmzi açılışını bildirən lenti prezident İlham Əliyev kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib.
Aeroportun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti mərasimdə çıxış edib. Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq edib.
Daha sonra dövlətimizin başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə də baxıb.
Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
DOSTLARINLA PAYLAŞ: