Qazıməmməd-Qazax magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb
01 Fevral 2012 Çərşənbə 14:57
11 ağır texnika və 40 nəfərə yaxın canlı qüvvə kəmərin təmiri üzərində çalışır.
Yanvarın 30-da Göçayın Qarayazı kəndinə yaxın ərazidə qəza baş verən Qazıməmməd-Qazax magistral qaz kəmərində artıq təmir-bərpa işlərinə başlanılıb. Ərazidən keçən Oğuz-Qəbələ-Bakı su kəmərinin üzərindən beton plitələr döşənməklə ağır texnika əraziyə aparılıb.
“Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadənin verdiyi məlumata görə, hazırda 11 ədəd ağır texnika və 40 nəfərə yaxın canlı qüvvə magistral kəmərin təmiri üzərində çalışır. N.Səmədzadə həmçinin bildirib ki, 1970-ci ildə istismara verilən boruda çürümələr olduğundan, kəmərin 40 metrinin yenilənməsi qərara alınıb. Qaz kəmərinin dağlıq ərazidə yerləşməsi, eləcə də əlverişsiz hava şəraiti texnikanın hərəkətində çətinliklər yaratdığından, təmir işlərinin sabah axşam saatlarına qədər davam edəcəyi deyilir.
Qeyd edək ki, magistral kəmərdəki qəza ilə bağlı Göyçay rayonun 4 kəndi - Qarabaqqal, Hacalıkənd, Çayarxı, Qızılağac, eləcə də rayon ərazisinin 15 faizi hələ də qazsız qalıb. Yalnız təmir işləri başa çatandan sonra rayon təbii qazla tam təmin olunacaq.
DOSTLARINLA PAYLAŞ: