Qanunsuz idman mərclərinə görə cəza müəyyən olundu
30 Sentyabr 2011 Cümə 16:39
İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilib. Qanunsuz idman mərclərinə görə cəza müəyyən olunub.
Azərbaycanda qanunsuz lotereyaların və idman mərc oyunlarının hüququ olmayan şəxs tərəfindən təşkilinə görə cərimələrin məbləği təyin olunub. Parlamentin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilib.
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə görə, qanunsuz lotereyaların və idman mərc oyunlarının (stimullaşdırıcı lotereyalar istisna olmaqla) hüququ olmayan şəxs tərəfindən təşkilinə görə, təşkilatçı şəxs 1500 manatdan 2000 manatadək cərimə ödəyəcək.
Eyni zamanda, dəyişikliklərə görə, qumar oyununda iştiraka görə cərimənin məbləği də artırılıb. Qumar oyununda iştirak edənlər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaq. Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına şamil olunmur.
Bu dəyişikliklərlə əlaqədar olaraq cinayət məcəlləsinə də əlavə və dəyişikliklər olunub. Qanunsuz olaraq lotereya və idman mərc oyunlarının keçirilməsinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddətə islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: