Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin rəsmi din qurumu olan “Diyanət işləri başkanlığı”nın sədri Əli Bardakoğluna Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə bağlı müraciət edib. Bütün Qafqazın şeyxi müraciətində, sərhədlərin açılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunacağı barədə söz-söhbətlərin yayılmasının Azərbaycan müsəlmanlarını hədsiz narahat etdiyini deyib.
“Son günlər Türkiyə-Ermənistan sərhədlərin açılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunacağı barədə söz-söhbətlərin geniş vüsət alması Azərbaycan müsəlmanlarını hədsiz narahat edir. Söhbət hər bir azərbaycanlı müsəlman üçün həyati əhəmiyyət kəsb edən Qarabağ münaqişəsinin həllinə əsaslı təsir edə biləcək məsələdən gedir. Biz öz qətiyyətli, birmənalı mövqeyimizi ortaya qoymaq məcburiyyətindəyik. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının heç vaxt yalnız diplomatik münasibət səciyyəsi daşımadığı, soy, kök, din, dil birliyi kimi mühüm təməllər üzərində bərqərar olunduğunu xatırladan Allahşükür Paşazadə bildirib ki, Azərbaycan xalqı müsəlman aləminin öndər məmləkəti, İslam dininin və onun müqəddəs dəyərlərinin tarixən müdafiəçisi olmuş Türkiyəni belə bir addım atmamağa çağırır, türk-islam dünyasının fəxri olmaq missiyasını bundan sonra da layiqincə davam etdirməsini diləyir”. /ANS TV/