Prezident Şəkidə mərkəzi xəstəxananın açılışında iştirak edib
17 Noyabr 2011 Cümə Axşamı 20:52
Tibb ocağı ilə tanışlıqdan sonra İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev noyabrın 17-də Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak edib. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan prezidentinin iştirakı ilə qoyulub.

Əsas bina altı korpusdan ibarətdir. Birinci və ikinci korpuslar üçmərtəbəli, üçüncü və dördüncü korpuslar ikimərtəbəli, digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir.

Təcili tibbi yardım şöbəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, burada reanimasiya və kiçik əməliyyat bloku var. Qeyd olunub ki, bu şəfa ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaq. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Xəstəxanada, həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulub. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.

Bildirilib ki, tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilib. Bloklarda ilk dəfə olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət edilir. Bundan başqa, blokların divarları da xüsusi istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da dünyanın ən aparıcı ölkələrinin tibb ocaqlarında istifadə edilir. Xəstəxanada hər cür şəraitlə təchiz edilmiş konfrans zalı da fəaliyyət göstərir.

Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxananın dörd hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar, su hovuzları, içməli və çirkab su anbarları, nasosxana, transformator yarımstansiyası, qazanxana tikilib. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınıb.

Tibb ocağı ilə tanışlıqdan sonra prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Şəki ictimaiyyətinin və xəstəxananın kollektivi adından çıxış edən həkim İmran Əliyev dövlət başçısına minnətdarlığını çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar