Prezident ölkənin şimal bölgəsinə səfər edib
16 Fevral 2012 Cümə Axşamı 17:11
İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qusar rayonuna səfərə gedib. Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub, geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulub.

Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzində internet klub və kafe də fəaliyyət göstərir. Burada 12 kompyuter istifadəçilərin ixtiyarına verilib. Mərkəzdə iclas zalı və elektron kitabxana yaradılıb. Bu kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilib. Kitabxanada quraşdırılan 16 kompyuterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Mərkəzdə yaradılmış rəsm və xalçaçılıq dərnəkləri gənc nəslin qədim adət-ənənələrimizə bağlılığını artırır, onların rəsm və xalçaçılığın sirlərini öyrənmələrinə yardımçı olur.

Prezident İlham Əliyev Mərkəzdəki 118 yerlik kinozal ilə tanış olub. Sonra dövlət başçısı mərkəzin ikinci mərtəbəsindən ətrafı seyr edib. Azərbaycan prezidentinə kompleksin ərazisində görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra prezident İlham Əliyev kompleksin ərazisində inşa olunmuş kafedə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kafedə sakinlərin istirahəti üçün hər cür şərait var.

Prezident İlham Əliyev kafenin yay meydançasından Qusar şəhərinin mənzərəsini seyr edib. Dövlət başçısına Qusarda görülmüş işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Kompleksin ərazisində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar