Prezident İlham Əliyev: «Uçan evlərin yerində ən müasir tələblərə cavab verən və sahəsinə görə əvvə
09 May 2012 Çərşənbə 23:06
Mayın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonunda olub.
Dövlət başçısı helikopterlə zəlzələnin episentrindəki ərazini seyr edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, mayın 7-də axşam saat 19:15-də zəlzələnin episentrində 12 ballıq Rixter cədvəli üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törədib. Ümumiyyətlə, ötən müddətdə 500-dək yeraltı təkan qeydə alınıb və onlardan bir neçəsi daha çox hiss olunub.
Bildirilib ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşüb. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib.
Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbaraq, Mamrux, Zəyəm, Muxax, Bazar, Kımır və Çobankol, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş verib.
Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılıb və işçi qruplar dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür. Qısa müddətdə rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilib. Zəlzələ bölgəsinə çoxlu sayda çadırlar gətirilərək quraşdırılıb.
Zaqatala, Qax və Balakən rayonlarına əlavə texnika, inşaat materialları, avadanlıq və digər zəruri materialların gətirilməsi davam edir. Zəlzələdən ziyan çəkən əhaliyə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq hər cür kömək göstərilir.
Sonra prezident İlham Əliyev baş vermiş zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbaraq kəndində olub.
Dövlət başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkən evinə baxıb.
Azərbaycan prezidenti ev sahibləri ilə söhbət edib.
Prezident İlham Əliyev zəlzələdən ziyan çəkən bütün ailələrə dövlətin hərtərəfli kömək göstərəcəyini, uçan evlərin yerində ən müasir tələblərə cavab verən və sahəsinə görə əvvəlkilərdən daha böyük olacaq yeni evlərin inşa ediləcəyini bildirib.
Dövlətimizin başçısı Gözbaraq kənd sakinləri ilə də görüşdü.
Prezident İlham Əliyev ötən illərdə ölkəmizdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında olduğu kimi, bu dəfə də Azərbaycan dövlətinin zəlzələdən ziyan çəkənlərə köməyini əsirgəməyəcəyini vurğuladı və müvafiq tapşırıqlarını verib.
Sonra dövlətimizin başçısı zəlzələnin episentrində yerləşən Qax rayonun Güllük kəndinə gəldi.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə zəlzələ nəticəsində bu rayonda baş verən dağıntılar və həyata keçirilən tədbirlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Güllük kənd sakini Abdulla Məmmədovun zəlzələdən zərər çəkmiş evinə baxıb.
Dövlət başçısı bu evin də yerində ən müasir tələblər səviyyəsində yenisinin inşa olunacağını bildirib.
Prezident İlham Əliyev Güllük kənd sakinləri ilə də görüşüb.
Dövlət başçısı güclü iqtisadiyyatı olan ölkəmizin öz hesabına mayın 7-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün müvafiq tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Daha sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Dövlət başçısı zəlzələ nəticəsinə dağılan evlərin operativ qaydada sökülməsi, sakinlərin istək və arzuları da nəzərə alınmaqla sahəsinə görə daha geniş və keyfiyyətli evlərin tezliklə tikilməsi barədə aidiyyəti qurumlara tapşırıqlarını verib.
Prezident İlham Əliyev bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
Azərbaycan prezidenti zəlzələdən ziyan çəkən evlərin sakinlərinin müvəqqəti yerləşdirilməsi, onların ərzaq təminatı, səhiyyə və digər xidmətlərlə təmin olunması barədə də müvafiq tapşırıqlarını verib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli baş vermiş zəlzələ və onun nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə dövlət başçısına ətraflı məlumat veriblər.
Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqının bu sınaqdan da üzüağ və şərəflə çıxacağını vurğulayıb, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bir daha tapşırıqlarını verib.
Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olan və müvafiq tapşırıqlarını verən prezident İlham Əliyev mayın 9-da Bakıya qayıdıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar