Prezident İlham Əliyev musiqili alov fəvvarəsinin açılışında iştirak edib
31 Dekabr 2011 Şənbə 02:30
Ərazidə abadlıq və tikinti işləri davam etdiriləcəyi bildirilib.
Ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında, köhnə sənaye müəssisələrinin yerində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, ölkə başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində xüsusi dizaynla salınan parkın üç tərəfdən girişi olduğunu deyib. Məlumata görə, əvvəllər sənaye müəssisələrinin yerləşdiyi bu ərazi uzun illər baxımsız vəziyyətdə olub, indi burada salınmış əzəmətli park şəhərimizin ən maraqlı istirahət guşələrindən biridir və nadir ağaclarla gül kollarının əkildiyi parkda istirahət üçün hər cür şərait yaradılıb. Parkda 65 müasir oturacaq qoyulub, 82 işıq dirəyi quraşdırılıb.

Parkın ərazisində fəaliyyət göstərəcək müxtəlif iaşə obyektləri barədə məlumat alan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın və yaxınlıqdakı yaşayış binalarının eskiz layihələri ilə tanış oldular.

Ərazidə abadlıq və tikinti işləri davam etdiriləcəyi, görülən işlər nəticəsində bu ərazinin müasirləşən paytaxtımızın gözəl guşələrindən birinə çevriləcəyi bildirilib.

Sonra dövlət başçısı və xanımı parkın ərazisində quraşdırılmış musiqili alov fəvvarə kompleksi ilə tanış oldular, musiqili alov fəvvarə kompleksinin idarəetmə mərkəzinə baxdılar. Diqqətə çatdırıldı ki, kompleks bu mərkəzdən avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunur.

Qeyd edək ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarətdir. Musiqili alov fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllurdan və paslanmayan metaldan hazırlanıb. Tikinti işlərinə ABŞ, Almaniya və İngiltərə şirkətləri cəlb olunub. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetiriblər. Musiqili alov fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 60 kilometr/saniyə gücündə küləyə və 9 ballıq zəlzələyə davamlıdır. Alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Audio-video sisteminin qurulduğu musiqili alov fəvvarə kompleksi lazer projektorları ilə işıqlandırılır.

Sonra dövlətimizin başçısı və xanımı musiqili alov fəvvarəsinin müxtəlif görüntülərini izlədilər.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar