Prezident Dövlət Dəniz Administrasiyasının yeni binasının açılışını edib
28 Dekabr 2011 Çərşənbə 22:15
İlham Əliyev binada yaradılan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimində iştirak edib. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov prezident İlham Əliyevə raport verib.

Yeni inzibati binada yüksək şəraitin yaradıldığı qeyd olunub. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb, ümummilli liderin dəniz gəmiçiliyi sahəsində xidmətlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Prezident İlham Əliyev burada Azərbaycan Respublikasının bayrağı altında üzən müxtəlif tipli gəmilərin maketləri ilə tanış olub.

Sonra Azərbaycan prezidenti Dövlət Dəniz Administrasiyasının inzibati binasında yaradılan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub. Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən Qüdrət Qurbanov bildirib ki, bu mərkəz ölkəmizin qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılıb. Milli Mərkəzin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirilməsinin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Mütəxəssislər uzaq məsafədən gəmilərin tanınması və izlənilməsi prosesini nümayiş etdirdilər. Qeyd olunub ki, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarını qabaqlayır. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Mərkəz ilə tanışlıqdan sonra dövlət başçısı inzibati binanın ayrı-ayrı otaqları, konfrans və iclas zalları ilə də tanış olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar