Prezident Administrasiyası: “Bakınınmərkəzində heç bir qəzet köşkü götürülməyib”
18 Aprel 2012 Çərşənbə 00:24
“Bəzi köşklərin yeri dəyişdirilib, şəhərin abadlığı, küçələrin genişləndirilməsi, yaşıllaşdırılması ilə bağlı belə hallar olub”.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Bakının mərkəzindən qəzet köşklərinin yığışdırılması məsələsi araşdırılıb. ANS PRESS-in məlumatına görə, bunu “Mediaforum”a müsahibəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də bir sıra yerli icra hakimiyyəti orqanları ilə müzakirələr aparıb: “Bakı şəhərinin mərkəzində heç bir yerdən qəzet köşkü götürülməyib. Nə “Qasid”in köşkləri, nə “Azərmətbuatyayımı”nın, nə də “Qaya”nın. Əvvəlki illərdə Bakıda qəzet köşklərinin yerdəyişməsinə dair müəyyən hallar olmuşdu, amma son illərdə, demək olar ki, bir dənə də köşk götürülməyib. Sadəcə olaraq yeri dəyişdirilib. Misal üçün, Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində istər “Qasid”in, istərsə də digər firmaların qəzet köşklərini yeniləyir. “Paris-köşk” adlanan yeni köşklər qoyulur və ola bilsin ki, bu yeni köşklərdə qəzet-jurnal satışı nizama düşməyib. Amma nizama düşmək üzrədir və mən hər gün onların fəaliyyəti ilə bağlı monitorinq aparıram, bu fəaliyyət tənzimlənir. Şəhər ətrafında, o cümlədən rayonlarda əvvəlki köşklər qalır. Bəzi köşklərin yeri dəyişdirilib, şəhərin abadlığı, küçələrin genişləndirilməsi, yaşıllaşdırılması ilə bağlı belə hallar olub. Düşünürəm ki, bu ilin sonuna qədər köşklərin bütün ölkə üzrə tam yenilənməsi və sayının da adekvat vəziyyətə gətirilməsi prosesi tamamlanacaq. Ümumiyyətlə, digər problemlər varsa, bunlar öyrənilir və aradan qaldırılır”.

Əli Həsənov əmin edib ki, bu, planlı şəkildə qəzet satışına mane olmaq deyil. Onun sözlərinə görə, Azərbaycanda söz, mətbuat, məlumat azadlığı dövlətin prioritet siyasətlərindən biridir: “Azərbaycan dövləti bunlarsız nə özünü təsəvvür edir, nə də öz cəmiyyətini”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar