Polis orqanlarında işləmək istəyənlərin nəzərinə!
01 Fevral 2012 Çərşənbə 17:11
Daxili İşlər Nazirliyi vakant vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Orqanlarında işləmək istəyənlərin nəzərinə! Daxili İşlər Nazirliyinin Baş İdarə, İdarə və ərazi polis orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində vakant olan yerlərə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə,ümumilikdə post-patrul və yol patrul xidmətlərində vakant yerləri tutmaq məqsədilə keçirilən müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişilər, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən yuxarı olan, düzgün bədən quruluşlu və idman jüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan, vakant olan vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidir:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün);

Müsabiqə iki mərhələdə keçiriləcək. Test imtahanları və müsahibə. Test imtahanının müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaq.

Fiziki hazırlıq üzrə ödənilməli normativlər, test imtahanı barədə məlumatlar DİN-in www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il fevral ayının 1-dən mart ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək qəbul olunur.

Əlavə məlumat almaq istəyənlər DİN-in Baş Kadrlar İdarəsi ilə 590-93-27 nömrəli telefonla əlaqə saxlaya bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar