Paytaxtda yeni multimedia taksofonları quraşdırılacaq
01 Mart 2012 Cümə Axşamı 13:16
Taksofonların üzərində ingilis dilində yazılar da olacaq.
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar olaraq mart ayında Bakı şəhərində yeni multimedia taksofonları quraşdırılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, artıq Bakı Avtomat Telefon Qovşağı tərəfindən taksofonların dislokasiya yerləri Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Bakıda quraşdırılacaq taksofonlar xüsusi dizaynı ilə fərqlənir. Aparatlar universal tipli olmaqla həm kartla, həm də qəpiklə işləyəcək.
Ölkəmizə gələn qonaqların bu aparatlardan asanlıqla istifadə edə bilməsi üçün taksofonların üzərində ingilis dilində yazılar da olacaq. Taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar və s. olacaqdır. Yeni taksofonlar, ilk növbədə şəhərin mərkəzində, daha sonra isə kənd və qəsəbələrdə yerləşdiriləcək.
Müsabiqənin keçiriləcəyi arenanın Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən alternativ sürətli internetlə təmin edilməsi və bu məqsədlə müxtəlif istiqamətlərdə optik kabellərin çəkilməsi təmin edilib.
DOSTLARINLA PAYLAŞ: