Parisdə Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 2011 Bazar 12:32
Mərasimdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs olunub.
Azərbaycanın Fransadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirə qatılan Milli Məclisin deputatları, Azərbaycan diasporunun təmsilçiləri və tələbələr əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimi açan səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin ağır günlərində hakimiyyətə qayıdışından sonra respublikamızda vətəndaş müharibəsinin qarşısının alındığını, onun yürütdüyü uğurlu daxili siyasəti nəticəsində xalqla hakimiyyətin daha da yaxınlaşdığını, qısa müddətdə iqtisadi yüksəlişə nail olunduğunu xatırladıb.

O çıxışında bildirib ki, Heydər Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzu artan, güclü ölkəyə çevrilib. Yaxın keçmişimizə nəzər saldıqda müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, təcrübəli dövlət başçısı, uzaqgörən siyasətçi Heydər Əliyevin silinməz izlərini görürük. Əbədiyyətə qovuşmuş bu böyük insanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Deputatı Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən söhbət açıb. Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin izlərinin dərin olduğunu vurğulayan deputat qeyd edib ki, ümummilli lider dövlətimizin və xalqımızın gələcəkdə də firavan yaşamasının möhkəm təməlini yaradıb. Natiq müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uzaqgörən siyasətinin onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin yadigarıdırsa, gündən-günə qüvvətlənən, çiçəklənən, gələcəyə qətiyyətlə və inamla addımlayan dövlətimiz isə prezident İlham Əliyevin şah əsəridir.

Deputat Rövşən Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli də çıxışlarında ulu öndər Heydər Əliyevin Vətənə və xalqa məhəbbətindən, zəngin dövlətçilik təcrübəsindən, eləcə də dahi şəxsiyyətlə bağlı xatirələrindən söhbət açıb. Anma mərasimində ehsan süfrəsi açılıb.

Qeyd edək ki, sonda Qarabağ muğam ustalarının ifasında musiqi proqramı təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar