Ötən ilin son ayında Azərbaycandan 1047 əcnəbi çıxarılıb
06 Yanvar 2012 Cümə 15:28
Ötən ilin dekabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 5842 müraciət daxil olub.
DMX-dən APA-ya verilən məlumata görə, müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 1.247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 200 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 870 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 177 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: