Ötən il 168 ton saxta ərzaq məhv edilib
07 Yanvar 2012 Şənbə 17:17
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
Ötən il ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Ötən il ərzində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlər üzrə 95 qərar qəbul edilib və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1485 qərar qəbul edilib və ümumilikdə 1287,8 min manat məbləğində cərimə tətbiq edilib.
Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 konfrans keçirilib, 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanib. Gənclərin istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirilməsi məqsədilə ötən ildə 8 ali məktəbdə “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda seminarlar keçirilib.
Gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarına, həmçinin xidmət sahələrinə dair 67 adda mal və xidmət üzrə 200-ə yaxın maarifləndirici məlumat, 2 sosial reklam çarxı KİV vasitəsilə yayımlanib Dövlət Xidməti 2012-ci ildə də istehlak bazarına nəzarət, eləcə də maarifləndirmə tədbirlərini davam etdirir.
DOSTLARINLA PAYLAŞ: