Ötən gün Bakıda 10 yol qəzası baş verib
06 Fevral 2012 Bazar Ertəsi 05:32
BŞDYPİ hava şəraitilə əlaqədar həm sürücüləri, həm də piyadaları diqqətli olmağa çağırır.
Ötən gün Bakı şəhərində 10 yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisələr yol və metroloji şərait nəzərə alınmadan avtomobillərin idarə edilməsi nəticəsində baş verib. Yol qəzalarının 9-u maddi zərər, 1-i isə 2 nəfərin xəsarət alması ilə nəticələnib.

Vaqif Əsədov hazırda paytaxtın bəzi yollarında avtomobillərin hərəkəti üçün müəyyən qədər təhlükəli olduğunu da vurğuladı. “”Hazırda bəzi yollar sürüşkəndir. Əsasən aeroport yolu, Əbdülrəhim bəy Haqverdiyev, Babək, Tbilisi, Mətbuat, Nərimanov, Mikayıl Müşviq prospektləri, 3-cü kənar dairəvi yoldur. Bu yollar əsasən enişli-yoxuşlu olduğundan, həm də yolların kənarları buz bağladığından hərəkət etmək çətindir. Xahiş edirəm ki, qeyri-peşəkar sürücülər avtomobil idarə etməsinlər. Sürücülər ehtiyatlı olsunlar, əsas da sürət həddinə diqqət yetirsinlər”.

V.Əsədov piyadalara da diqqətli olmağı tövsiyyə edir: “Piyadalar xüsusilə diqqətli olmalıdırlar. Bilməlidirlər ki, hazırda yol şəraitilə əlaqədar sürücülər lazım olanda avtomobili saxlaya bilməzlər və əyləc tutmaz, maşın sürüşər. Ona görə də, yolu keçərkən avtomobillə aralarında lazımı məsafə saxlanılmalıdır. Belə vaxtda yolun ortası, qoşa xətlə hərəkət etmək olmaz. Vvalideynlər uşaqlara xüsusi diqqət yetirməlidirlər və onları nəzarətsiz buraxmamalıdırlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar