“Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrası zamanı qüsurlar olub”
09 Sentyabr 2011 Cümə 03:43
“Kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək”
“Biz çalışırıq və çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. İnsan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik. Bu layihə böyük vəsait tələb edəcək. Təqribən 100 milyon manata qədər vəsait xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcək. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır”. ANS PRESS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimindəki çıxışında deyib. Onun sözləprinə görə, Azərbaycan hökumətinin apardığı uğurlu iqtisadi siyasət sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoymağa imkan verir. “Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir”, - İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün də çox vacib işlər görülür: “Bakıda - Balaxanıda məişət tullantılarının emalı zavodu tikilir. Hamımız yaxşı xatırlayırıq ki, Balaxanı zibilxanasının əvvəlki vəziyyəti necə idi. Oradan qalxan tüstü şəhəri bürüyürdü. İndi orada təmiz bir meydan yaradılıb. Ağaclar əkilir, yaşıllıqlar salınır və dünyanın ən yüksək texnologiyalarına malik olan müasir məişət tullantılarının emalı zavodu tikilir”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda su təchizatı ilə bağlı digər vacib layihələr icra edilib və icra edilməkdədir. O hesab edir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi tarixi hadisədir: “Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilib. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılıb. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin”.

Prezident onu da deyib ki, Oğuz-Qəbələ-Bakı su kəməri böyük və çox mürəkkəb bir layihə idi. Onun sözlərinə görə, layihənin icrası zamanı müəyyən qüsurlar, çatışmazlıqlar olub: “Bunun səbəbidir ki, kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək. Bunu edirik və edəcəyik. Biz hər şeyi açıq deməliyik. Ancaq bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərilməsi həqiqətən də tarixi məsələdir. Çünki bu mənbə daxili mənbədir. Oradan gələn su Azərbaycan ərazisində formalaşır”.

Dövlət başçısı bəyan edib ki, 18 aydan sonra Bakı sakinləri Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar