Oğuz Qəbələ Bakı kəməri layihə gücünə çatıb
28 Dekabr 2011 Çərşənbə 18:52
Oğuz Qəbələ Bakı kəməri layihə gücünə çatıb. Bir il əvvəl istifadəyə verilən kəmərlə indi Bakıya saniyədə 5 kubmetr su ötürülür.
Dekabrın 23-dən etibarən Oğuz-Qəbələ-Bakı kəmərinin məhsuldarlığı layihə gücünə çatıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir il əvvəl istifadəyə verilən kəmərlə indi Bakıya saniyədə 5 kubmetr su vurulur.

Kəmərin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, kəmərə vurulan su Oğuz rayonu ərazisində qazılmış 78 istismar quyusundan çıxarılır. Oğuzda qazılmış quyuların orta hesabla saniyədə 50 litr su verməsi proqnozlaşdırılsa da, indi istismarda olan quyuların çoxu saniyədə 70-90 litr, bəziləri isə hətta 130 litrə qədər su verir.

Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı kəməri istifadəyə verildikdən sonra Bakı şəhəri və onun qəsəbələrinin içməli su təminatı əsaslı şəkildə yaxşılaşıb. Bu kəmərlə nəql olunan su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütünlüklə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir.

Q.Hüseynov bildirib ki, Bakı şəhərinə verilən suyun həcminin artması nəticəsində Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarının 75 faizdən çox hissəsi fasiləsiz su alır. Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına isə Nizami, Xətai, Suraxanı, Sabunçu rayonlarının 2-3 gündən bir su alan ərazilərinə indi hər gün səhər-axşam su verilir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsi təkcə Bakının yox, rayonların da su təminatına ciddi təsir edib. Belə ki, bu kəmərin işə düşməsi Kür təmizləyici qurğularından Abşerona verilən suyun azaldılmasına və bu suyun digər rayon və kəndlərə ötürülməsinə imkan verib: “Artıq təsdiq olunmuş proqrama əsasən Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərləri bu mənbədən qidalanacaq. Bu şəhərləri su ilə təchiz edəcək magistral kəmər boyunca yerləşən 147 kəndin də su problemi bu layihə çərçivəsində həll olunacaq. Ümumiyyətlə, bu layihədən 602 min nəfər faydalanacaq ki, bunun da 274 min nəfəri şəhərdə, 328 min nəfəri kənddə yaşayanlardır”.

“Azərsu” rəhbəri bildirib ki, bu layihənin reallaşması həm də xərclərə qənaət etməyə imkan verib: “Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərləri yerləşən ərazidə şirin su mənbəyi yalnız Kür və Araz çaylarıdır. Əgər bu mənbəni seçməsəydik, o şəhərlərin hər biri üçün sutəmizləyici qurğu tikməli idik. İndi buna ehtiyac qalmayıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar