Bazar ertəsi təxminən saat 11.00 radələrində “Neft daşları”ndakı məscid dağıdılıb, bu barədə Turana Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzindən (DEVAMM) bildiriblər. Minarənin sökülməsi isə yarımçıq qalıb. Belə ki, gecə cəlb edilmiş texnika vasitəsilə minarəni tam sökmək cəhdləri nəticə verməyib, hər üç cəhddə texnikanın dəmir trosu sınıb.
Xatırladaq ki, məscid mayın 10-da bağlanıb. Bundan sonra məscidin çılçırağı, istilik sistemi və kondisioneri sökülüb. Bu zaman rəsmi nümayəndələr heç bir açıqlama verməyiblər. Məscid bir neçə ay əvvəl tikilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən rəsmi məlumatın olmamasına istinad edərək, məscidin sökülməsi ilə bağlı şərh verməkdən imtina ediblər.
Aprelin sonlarında Bakıda “Şəhidlər” məscidi təmir adı ilə bağlanıb, Yasamal rayonundakı məscid isə sökülüb.
“Neft daşları” Xəzər dənizində buruqlar üzərində yaşayış məskənidir. Burada demək olar ki, 60 ildir neft çıxarılır. Eyni zamanda, burada 3 mindən çox insan yaşayır və işləyir. /Turan/