Musiqili Komediya Teatrından çıxan gənc vokalçı Ramil Qasımov yeni vəzifəyə təyin olunub
06 Yanvar 2012 Cümə 15:50
Azərbaycanın tanınmış vokalçısı, səhnəmizin ən gənc “Koroğlu”su Ramil Qasımov uzun müddətdir solisti olduğu Azərbaycan Dövlət Musiqili Komediya Teatrından çıxıb.
 Bununla bağlı APA-ya məlumat verən vokalçı bildirib ki, çox sevdiyi Musiqili Komediya Teatrından ayrılıb: “1999-cu ildən o kollektivdə çalışırdım. Bura mənim ilk məbədgahım olub, bu teatr mənə sənətin sirlərini öyrədib. Zaman yetişdi və çoxdan bəri arzuladığım bir işə təyin olundum. Bu, Azərbaycan dövlət teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri vəzifəsi oldu”.

R. Qasımovun teatrda sonuncu çıxışı yanvarın 22-də “Amerikalı kürəkən” tamaşasında Kamran obrazı olacaq. O, yeni vəzifəsində musiqi kollektivlərinin inkişafı üçün əlindən gələni edəcəyini və bu etimadı doğrultmağa çalışacağını söyləyib: “Məqsədimiz kollektivləri Azərbaycanın hüdudlarından kənarda təbliğ etmək, Azərbaycanın milli musiqi incilərini gənc nəslə aşılamaq, silsilə şəkildə canlı konsertlərlə tamaşaçıları məmnun etməkdir. Bundan başqa, kollektivlərin Azərbaycanın dilbər guşələrinə qastrol səfərləri təşkil olunacaq”.

Xatırladaq ki, Azərbaycan dövlət teleradiosunun musiqi kollektivlərinə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Əfsər Cavanşirov adına Uşaq Xoru, Əhsən Dadaşov adına Musiqi Ansamblı, Vaqif Mustafazadə adına Sevil İnstrumental Qrupu daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar