Müdafiə Nazirliyi Lənkəran Əliyevin ittihamlarına cavab verib
01 Mart 2012 Cümə Axşamı 11:19
Onun günahlarını, hətta xidmət etdiyi dövrdə cinayət əməllərinə əl atdığını sübut edən çoxlu dəlil-sübutlar var.
Ataların gözəl bir sözü var, "haqq nazilər, amma üzülməz". Bu mənada general-mayor Lənkəran Əliyevin həqiqətlə qətiyyən səsləşməyən açıqlaması bizə təəccüblü gəlmədi. Görünür o, şəxsi maraqlarını təmin etmək məqsədilə bütün sədləri aşaraq niyyətinə nail olmağa çalışır. Dürüst insanlar isə heç zaman belə yolu seçmirlər. O isə özünü yaxşı tanıdıb. General deyəsən özünü ümumiyyətlə günahkar saymır. Ola bilər, lakin əlahəzrət faktlar tamam başqa şeylər deyir. Onun günahlarını, hətta xidmət etdiyi dövrdə cinayət əməllərinə əl atdığını sübut edən çoxlu dəlil-sübutlar var. Şəxs olaraq o bunları qəbul etməyə və ya etmək istəməyə bilər. Ancaq onun izinə düşən hüquq və qanun isə tamam başqa şeyləri diqtə edir. Biz indi onların detallarına getməyəcəyik. Hüquqlarının pozulduğunu iddia edərək Müdafiə Nazirliyini hədəfə götürməsi çox gülməli gəlir. Ona vaxtıilə xeyli güzəşt edilib. Gərək xatirindən çıxarmayaydı bunları.
Əlbəttə ki, hərbi qulluqçuların hüquqlarının qorunması Müdafiə Nazirliyinin birinci dərəcəli vəzifəsidir. Bunu gözəl başa düşürük. Ona görə də Lənkəran Əliyevin Müdafiə Nazirliyinə əlavə dərs keçməsinə heç ehtiyac yoxdur. Qanun isə hər şeydən üstündür və onun qarşısında hamı bərabərdir. Cənab general bunu dərk etməli idi. Əvəzində isə Lənkəran Əliyev rütbəsindən istifadə edərək qanunu göz altına belə almaq istəmir. Bu səbəbdən də iftira və böhtan atmağı özünə rəva görür.
Bəzi dəlillərə müraciət edək. O zaman kimin haqlı və ya haqsız olduğu bilinəcək. Mənim müavinimin onun böhtanlarına verdiyi cavab KİV-də getdi. Oradakı bəzi məqamlara təkrar toxunmağı lazım bilirəm. Və Lənkəran Əliyevdən soruşmaq istəyirəm: ona verilən xidməti mənzili qanunsuz olaraq necə zəbt etdi? Aydınlıq üçün buna cavab verə bilərmi? Hər şey də elə buradan başladı. "Orderin etibarsız hesab edilməsi və zəbt olunmuş yaşayış sahəsinin boşaldılması"na dair iddia tələbi ilə 31 yanvar 2011-ci ildə Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon məhkəməsinə müraciət olunduqdan sonra. Onu yerindən tərpədən də bu oldu. Bu gün özünü yazıq qismində ictimaiyyətə təqdim edən Lənkəran Əliyevə həmin xidməti mənzil TTM rəisi olarkən 5 fevral 2002-ci ildə verilib. 3 otaqlı mənzilin yaşayış sahəsi 58 kv.m. olub. Buna baxmayaraq vəzifəsindən sui istifadə edən TTM-in keçmiş rəisi özünün məqbul saydığı vasitələrlə xəlvəti şəkildə - Müdafiə Nazirliyinin Bakı qarnizonunun mənzil komissiyasının razılığı və təsdiqedici sənədləri olmadan həmin mənzilə yeni order əldə etməklə onu öz şəxsi mülkiyyətinə çevirib. Onun üçün qanun, haqq və ədalət budurmu? Həmin orderdə də cavabdehlərin yaşadıqları mənzil 4 otaq olaraq, yaşayış sahəsi nə az, nə çox 82 kv.m. göstərilib. Amma bu da son deyil. Lənkəran Əliyevin yaşayış sahəsini zəbt etməsi ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılarkən əlavə bir fakt da məlum olub. Belə ki, "evsiz-eşiksiz" Lənkəran Əliyevin yaşadığı faktiki sahə 172,5 kv.m. təşkil edib. Bir az əvvəl biz ona neçə kv.m mənzil verildiyini açıqladıq. Əlavə olaraq nə qədər sahə zəbt etməsi də aşkar ortadadır. Hərbi qulluqçuların mənzillə bağlı problemlərinin olduğunu dilə gətirən general Lənkəran Əliyev görəsən hansı vicdani hislə mənzil sahələrini mənimsəyib? Axı onun zəbt etdiyi həmin mənzildə başqa hərbiçimiz yaşaya bilərdi. Adam belə vəziyyətdə görəsən başını necə uca tuta bilər?! Allah bu halı heç kimə göstərməsin. Düşmənim yoxdur, varsa ona da qıymıram. Beləliklə, L.Əliyevə 58 kv.m yaşayış sahəsi verildiyi halda o, qanunsuz olaraq bunu 114,5 kv.m artırıb. Başqa bir fakt. Generala 2004-cü ildə yaşayış sahəsi 180 kv.m-ə yaxın şəxsi mənzil verilməsini də gərək ki, o unutmasın. Amma nə etməli?! Doğurdan, unutqanlıq böyük dərd imiş.
Hələ bunlar harasıdır? Lənkəran Əliyev TTM-nin rəisi olarkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək bir sıra cinayət əməllərinə yol verib. Qısaca sadalayım. Tamah onu elə yolundan sapdırdı ki, gözlərini yumub hər şeyə getdi. Başqasının əmlakını mənimsədi, israf etmə yolu ilə nələrisə taladı, general əsgərlərlə belə pis davrandı. Hətta əsgərə əl də qaldırdı, onu döydü də. Bunların hamısını göydən götürməmişəm. Hər şeyi istintaq özü müəyyən edib və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə 200128 saylı cinayət işi başlanılıb. Nə az, nə çox altı maddə bu gün də onun kürəyindədir. Lənkəran Əliyevə bir sualım da var. Dövlətə vurduğu ziyanının müqabilində 30.700,98 manat maddi ziyanı istintaq zamanı tam şəkildə ödəməyə onu nə məcbur etmişdi? Deyə bilərmi belə şey olub, ya yox? Hələlik yekunlaşdırmaq istəyirəm, çalışdım ki, hüququn onu nədən imtahana çəkdiyini diqqətə çatdırım. Düzünü bilsəniz heç arzulamazdıq ki, biz belə bir şəkildə bir-birimizlə danışaq. General Lənkəran Əliyevin özü bunu bizə məcbur etdi. Çünki onun ittihamlarını sadəcə cavabsız qoya bilməzdik.
Eldar Sabiroğlu,
polkovnik
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi
01. 03. 2012
***
Qeyd edək ki, Müdafiə Nazirliyi general-mayor Lənkəran Əliyevi və onun övladlarını məhkəməyə verib. Nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə əvvəlcə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəmədə kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.
***
Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev isə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin onu məhkəməyə verməsinə münasibət bildirmişdi. L. Əliyev Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra barəsində başlanmış cinayət işi, yaşadığı evin onun əlindən alınması ilə bağlı Müdafiə Nazirliyinin iddiası əsasında keçirilən məhkəmə prosesi və digər məsələlərdən danışıb.
General qeyd edib ki, 3 il əvvəl - 2009-cu ilin aprelində Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində çalışarkən nazirlik tərəfindən ona qarşı qərəzli münasibət başlayıb: “Həmin il məni vəzifədən uzaqlaşdırmaq məqsədilə Təlim Tədris Mərkəzində qərəzli yoxlamalara başlandı, yoxlamaların nəticəsi olaraq mənə qarşı saxta cinayət işi qaldırıldı. Məni dövlətə külli miqdarda ziyan vurmaqda günahlandırırdılar. Bu ədalətsizliyə dözməyən, mənim tabeçiliyimdə olan bir mayor ürək tutmasından öldü. Mənimlə yanaşı, bir polkovnik-leytenant işdən çıxarıldı. Uzun müddət davam edən istintaq tədbirləri nəticəsində günahsız olduğum sübuta yetirildi və cinayət işinə xitam verildi”.
L. Əliyev bildirib ki, cinayət işinə xitam verildikdən sonra Müdafiə Nazirliyi onun yaşadığı evdən çıxarılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib: “Ötən ilin mart ayında məni və ailə üzvlərimi yaşadığımız evdən çıxarmaq məqsədilə nazirliyin iddiası əsasında məhkəmə başladı. Məhkəmədə məlum oldu ki, həmin mənzili mənə nazirlik özü verib və orda qanuni yaşayıram. Buna görə də Yasamal Rayon Məhkəməsi Müdafiə Nazirliyinin iddiasını təmin etmədi. Lakin evi əlimdən almaqda iddialı olan Müdafiə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Sözügedən mənzildə qanuni əsaslarla yaşadığımı əsas gətirən məhkəmə apellyasiya şikayətini də təmin etmədi”.
Yaşadığı mənzilin ona qanuni şəkildə verildiyini qeyd edən L. Əliyev hazırda da hərbi xidmətini davam etdirdiyini, general-mayor hərbi rütbəsi daşıdığını bildirib: “Rütbəm general olsa da, polkovnik səviyyəsində olan vəzifədə işləyirəm. Bununla belə, Müdafiə Nazirliyinin mənə qarşı qərəzli münasibəti davam edir. Bilirsiniz ki, qardaşım oğlu Emin Əliyev ötən il cəbhə bölgəsində şəhid olub. Onun atası 1998-ci ildə avtomobil qəzasında dünyasını dəyişdiyi üçün Emin mənim himayəmdə, məhkəmə mövzusuna çevrilən həmin mənzildə böyüyüb, ailəmin bir üzvü olub. O, ötən ilin yayında hərbi təhsilini başa vurduqdan sonra döyüş bölgəsində xidmətə başladı. Onu deməliyəm ki, hərbi məktəbi yeni bitirmiş məzunlar heç vaxt birbaşa döyüş bölgəsinə, ön xəttə göndərilmirlər. Məzunlar ən azı altı ay ehtiyat hissələrdə xidmət aparmalı olduğu halda, Müdafiə Nazirliyi bir daha məsələyə qərəzli yanaşaraq, Emini ön xəttə göndərdi. Nəticəsi də məlumdur. Ötən ilin noyabr ayında Emin şəhid oldu. Mənim himayəmdə olan Emin şəhid olduqdan iki həftə sonra Müdafiə Nazirliyi yenidən məni evdən çıxarmaq iddiası ilə kasasiya şikayəti verdi. Ali Məhkəmə şikayətə baxaraq, iddianı təmin etmədən işi Bakı Apelyasiya Məhkəməsinə göndərib”.
L. Əliyev bu gün yaşadığı evi çox böyük çətinliklə əldə etdiyini bildirib: “Mən hələ sovetlər ittifaqı dövründən hərbçi kimi çalışıram. Əvvəllər Gəncədə xidmət edirdim, orda evim vardı. Bakıya, Təlim Tədris Mərkəzinə rəis təyin ediləndən sonra Gəncədəki evimi təhvil verdim və bu gün yaşadığım evi almaq üçün növbəyə dayandım. Ailəmdə əlil uşaq ola-ola, uzun müddət ev növbəsində qaldıqdan sonra mənə ev verdilər. Tam qanuni əsaslarla mənə verilən bu evi indi qanunsuz hesab edərək əlimdən almaq istəyirlər. Səbəb isə onu göstərirlər ki, guya mənim yaşadığım evin yerləşdiyi ərazini qanunsuz zəbt eləmişəm. Nazirlik iddiasında bildirir ki, həmin ərazidə yataqxana tikiləcək. Lakin həmin yataqxanada mənə mənzil verilməyəcək. Ali Məhkəmə də məhz buna görə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Məhkəmə üçün də maraqlıdır ki, necə olur, uzun müddət hərbçi olan şəxs yaşadığı evdən çıxarılır, əvəzində ona mənzil verilmir”.
DOSTLARINLA PAYLAŞ: