Müdafiə Nazirliyi: Azərbaycan Ordusu son günlər heç bir itki verməyib
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Ordumuzun cəbhədə itkilər verməsi barədə Ermənistan mətbuatının yazdıqları dezinformasiyadır və daxili auditoriyaya hesablanıb.
"Azərbaycan Ordusu son günlər heç bir itki verməyib”. Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.

Ermənistan mətbuatında Azərbaycan Ordusunun son iki gündə itkilər verməsi, Azərbaycan Müdafiə Nazirliyinin isə bunları gizlətməsi barədə yaydığı məlumatlara münasibət bildirən T. Abdullayev bu xəbərlərin dezinformasiya olduğunu bildirib: “Nəinki, son iki gündə, ümumiyyətlə, son vaxtlar Azərbaycan Ordusu cəbhədə hər hansı itki verməyib. Ermənilər yalan məlumatları daxili auditoriyaya hesablayaraq yayırlar. Həmin xəbərlərin heç bir əsası yoxdur”.

Qeyd edək ki, Ermənistanın bəzi mətbuat orqanları erməni silahlı birləşmələrinin gördüyü tədbirlər nəticəsində Azərbaycan Ordusunun böyük itkilər verdiyi barədə xəbər yayıb. “Regnum” agentliyinin məlumatına görə, hərbi ekspert Artsrun Ovanisyan noyabrın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycan tərəfinin bu gün də itkilər verdiyini deyib. Lakin o, təfərrüatları açıqlamayıb, yaxın vaxtlarda bunun rəsmi təsdiqlənəcəyini söyləməklə kifayətlənib. Erməni ekspert Azərbaycana qarşı cəza tədbirinin davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl cəbhə xəttində atəşkəs rejiminin pozulması nəticəsində iki erməni hərbçinin həlak olduğu barədə məlumat yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar