Müasir Azərbaycan memarlığının problemləri
19 Aprel 2012 Cümə Axşamı 19:11
Memarlıq və İnşaat Universitetində tanınmış memar Ənvər Qasımzadənin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ənvər Qasımzadə anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan memarlığının problemləri” adlı elmi-praktik konfrans keçirilib. Universitetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə universitetin tələbə və müəllim heyəti ilə yanaşı, respublikanın tanınmış gənc memarları da iştirak edib.
Konfransı çıxış sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova akademik Ə.Qasımzadənin həyat və yaradıcılığından danışıb. Onu dövrünün bütün gənc memarlarının atası adlandırıb.
Təhsil naziri Misir Mərdanov isə çıxışında Ənvər Qasımzadə kimi adamların, ziyalıların şəcərəsindən bəhs edən kitabların yazılıb, müasir oxucuya təqdim olunmasının, milli mənəviyyatımızın qorunub, nəsildən-nəsilə ötürülməsində vacib rol oynayacağını bildirib. O, Azərbaycanın görkəmli memarının Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərindən olmuş Əlibəy Qasımzadənin ailəsində dünyaya göz açdığını iştirakçıların diqqətinə çatıdırıb.
Qeyd edək ki, Ənvər Qasımzadə 1947-ci ildən Azərbaycan SSR-i Nazirlər Sovetinin memarlıq işləri üzrə idarəsinin rəisi, Bakı şəhər Soveti İcraiyyə Komitəsi sədrinin 1-ci müavini, tikinti naziri və başqa vəzifələrdə çalışıb. Bu illər ərzində Ənvər Qasımzadə Azərbaycanda tikinti prosseslərinin yüksək sənaye səviyyəsinə qaldırılması, milli memarlıq sənətinin inkişafı sahəsində böyük işlər görüb. O çalışıb ki, müasir Azərbaycan memarlığında yüzlərlə toplanmış tarixi irsimiz, milli çalarlarımız, ornamentlərimiz geniş tətbiq olunsun, özünəməxsusluğunu itirməsin. O, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunub. Onun rektorluğu dövründə İnstitutun Gəncə şəhərində filialı açılıb, avtomatika, sintetik materialların texnologiyası, metallurgiya və poliqrafiya fakültələrini təşkil edib.
Ə.Qasımzadə “Əməkdar inşaatçı” fəxri adı ilə təltif edilib. O, 57-ci baharını yaşamadan vəfat edib, ancaq Azərbaycan xalqının gözü qarşısında yaratdıqları ilə yaşamaqda davam edir.
Elmi praktik konfransda 3 nəfər gənc və 8 nəfər artıq fəaliyyətdə olan memara MDB ölkələrinin Memarlar İttifaqı Assosasiyası tərəfindən diplomlar təqdim olunub. Diplomlar Minskdə ötən ilin noyabrında, ilin yekunlarına dair keçirilən müsabiqəyə təqdim olunan 21 işə görə verilib. Bunlardan 8-i mükafat alıb. Respublikamızda ilk dəfə qran-pri və qızıl medal “Azadlıq prospekti” metrostansiyasının memarlıq işi üçün təqdim olunub.
Memarın oğlu, Memarlar İttifaqının sədr müavini Elbəy Qasımzadə və ailə üzvlərinin iştirak etdiyi tədbirin sonunda “Ənvər bəy Qasımzadə-ata, memar, vətəndaş” filminin nümayişi keçirilib.
DOSTLARINLA PAYLAŞ: