Mingəçevir-Bəhrəmtəpə yolunun yenidən qurulmasına 250 milyon dollar xərclənəcək
15 Dekabr 2011 Cümə Axşamı 17:40
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı iri yol layihəsi üzrə kredit sazişi imzalayıblar.
Bu gün Nəqliyyat naziri Ziya Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Oliver Dekampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun iştirak etdiyi bu tədbirdə hər iki nazirin və bankın nümayəndəsinin imzası ilə yeni kredit sazişi imzalanıb.
AYİB-in ölkədəki yolların inkişafı üçün Azərbaycan hökumətinə ayırdığı 250 milyon ABŞ dolları məbləğində kredit, əhəmiyyətli regional dəhlizlərinə çıxışı təmin edən mühüm magistral yolların yenidən qurulmasını nəzərdə tutur. Bu vəsait, eyni məbləğdə əlavə daha iki sərmayənin ayrılması ilə ümümilikdə 750 milyon ABŞ dollarına çatdırılacaq. AYİB-in ayırdığı 250 milyon ABŞ dolları məbləğində birinci kredit tranşı yolların mühafizəsi, səmərəli ödəniş sisteminin yaradılması və nəqliyyatın təhlükəsizliyi və səmərəliliyinin artırılması təşəbbüsünün həyata keçirilməsinə şərait yaradır. Bu təşəbbüslərin uğurlu icrası gələcəkdə AYİB-in Direktorlar Şurasının ayrıca təsdiqini tələb edən buna bənzər yol layihələri üzrə sərmayələrin ayrılmasına təkan verəcək. Yeni vəsaitin, Mingəçevir-Bəhrəmtəpə yolunun yenidən qurulması üçün istifadə olunması nəzərdə tutulur.
Yolun 156 km-lik hissəsinin müasir tələblərə uyğun təmiri kənd ərazilərinə yaşayan təxminən yarım milyonluq əhalinin nəqliyyat xətlərini təkmilləşdirəcək və Azərbaycanın paytaxt şəhəri Bakı ilə Gürcüstan sərhədi arasında olan beynəlxalq magistrala çıxışı təmin edəcək.
AYİB Azərbaycanda əhəmiyyətli yol sektorunun inkişafına uzun müddətdir ki cəlb olunub. Belə ki, bank tərəfindən 2004-cü ildə ayrılmış ilk kredit vəsaiti Asiya ilə Avropa arasında tarixi əhəmiyyətli ticarət yolu olan “İpək Yolu”nun Hacıqabuldan ölkənin qərb istiqamətində yerləşən Kürdəmir rayonuna qədər hissəsinin yenidən qurulmasına sərf edilib.
Bankın regional yol sektorunun inkişafına qoyduğu sərmayələr, həmçinin, Dünya Bankı və Asiya İnkişaf Bankının maliyyələşdirdiyi əsas yol dəhlizlərinin bərpası sahəsində həyata keçirdiyi layihələrlə bir-birini uğurlu şəkildə tamamlayır.
DOSTLARINLA PAYLAŞ: