Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza martın 26-da Bakıya gəlib.
Bu barədə «Azadlıq» radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məlumat verib. Onun sözlərinə görə, səfər qısa müddətlidir. Terri Devidsonun sözlərinə görə, Metyu Brayzanın ölkə rəsmi şəxslərlə görüşü gözlənilir.
Səfər çərçivəsində amerikalı həmsədrin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi, Dağlıq Qarabağ münaqişəsi və o cümlədən bu ilin mayında Praqada keçirilməsi planlaşdırılan Azərbaycan-Ermənistan prezidentlərinin görüşünə hazırlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Səfər qısa müddətli olduğu üçün cənab Devidson inanmır ki, amerikalı həmsədrin səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirməyə vaxtı olsun. Amerikalı diplomat Azərbaycan gəlməzdən əvvəl Ermənistanda və Gürcüstanda olub.