Məşhur azərbaycanlı rejissor vəfat etdi
24 Aprel 2012 Çərşənbə Axşamı 11:33
Tariyel Vəliyev ömrünün 68-ci ilində dünyasını dəyişdi.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azərbaycan kino və televiziya rejissoru Tariyel Vəliyev vəfat edib. ANS PRESS-in məlumatına görə, rejissor ömrünün 68-ci ilində xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, Tariyel Vəliyev 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olub. Ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında alıb. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən televiziya rejissoru kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində o, bir sıra televiziya tamaşalarının, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" teleserialının quruluşçu rejissorudur. Bir-birinin ardınca İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib. Bundan başqa Azərbaycan prezidenti Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyilə bağlı "Xalqa həsr olunmuş ömür" televiziya verişinin, Qurtuluş günü ilə bağlı "Xilas günü", eləcə də "Heydər Əliyev-75", "Əbədiyyət" verilişlərinin, "Ata" klipinin (musiqisi və ifası Niyaməddin Musayevin, sözləri Fikrət Qocanın), Yeni il və Novruz bayram proqramlarının quruluşçu rejissoru olub.

1988-ci ildən etibarən həm də pedoqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, sonradan "Kinoşünaslıq" kafedrasının müdiri, "Televiziya rejissoru" kafedrasının müdiri, Azərbaycan Dövlət Televiziyası "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının müdiri vəzifələrində çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar