Mehriban Əliyeva Parisdə Beynəlxalq konqresdə iştirak edib
16 Sentyabr 2011 Cümə 00:00
Konfrans terror qurbanlarına həsr edilib
Sentyabrın 15-də Parisdə terror qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konqresin açılışında iştirak edib.
Birinci xanım Mehriban Əliyevanı Parisin 7-ci rayonunda Konqresin keçirildiyi Hərbi məktəbdə Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark qarşılayıb.
Tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Sonra dünyada baş verən terror hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən Konqresi Qiyyom dö Sen Mark açaraq iştirakçıları salamlayıb. Diqqətə çatdırılıb ki, Avropa Komissiyası, Fransanın Xarici və Avropa İşləri, Müdafiə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Paris meriyası ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır.
Azərbaycanın bu Konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğulayıb ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. Ölkəmizə səfər etdiyini və terror qurbanları ilə görüşdüyünü deyən Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Azərbaycanda da belə bir təşkilatın yaradıldığını yüksək qiymətləndirib.
Beynəlxalq Terror Qurbanları Təşkilatının sədri Karlos Romero tədbirin terror qurbanları üçün böyük əhəmiyyət daşıdığını deyib və əlavə edib ki, terrorla mübarizədə bütün ölkələr, hökumətlər və mülki şəxslər səyləri birləşdirməli, bütün bəşəriyyət üçün təhlükə olan bu bəla ilə mübarizə əlaqələndirilmiş formada aparılmalıdır.
ABŞ-ın Fransa və Monakodakı səfiri Çarlz Rivkin 2001-ci il 11 sentyabr hadisələrindən danışıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış edib.
Sonra Fransanın ədliyyə naziri Mişel Mersiye çıxış edərək Prezident Nikola Sarkozinin salamlarını Konqres iştirakçılarına çatdırıb.
Daha sonra Avstriya şahzadəsi çıxış edib.
Konqres işini sentyabrın 17-də başa çatdıracaq.
DOSTLARINLA PAYLAŞ: