Masazır gölünə düşən təyyarə sudan çıxarılıb
23 Dekabr 2011 Cümə 17:05
FHN-in vertolyotu təyyarəni yedəyində ərazidən uzaqlaşdırıb.
Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində qəzaya uğrayaraq gölə düşən təyyarə göldən çıxarılıb. Təyyarəni Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə gələn vertolyotu ilə göldən çıxarmaq mümkün olub. Vertolyot təyyarəni yedəyində ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, təyyarə qəzaya uğrayandan sonra FHN xilasediciləri gölə düşən təyyarənin ekipaj üzvlərini qayıqla quruya çıxarıblar. Təlimçi ekipaj üzvlərindən birinin Tahir Ağaquliyev olduğu bildirilib. Digər ekipaj üzvünün şəxsiyyəti isə hələlik bəlli deyil.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər yüksək rütbəli əməkdaşları da hadisə yerinə gəliblər. Mətbuat nümayəndələri gölə yaxın buraxılmır.

Bəzi məlumatlara görə, “Cessna-172” markalı təlim təyyarəsi Bakı Aviasiya Akademiyasına məxsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar