Martın 8-də kəskin isti olacaq
05 Mart 2009 Cümə Axşamı 13:50
Yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umarya Tağıyeva APA-ya bildirib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə ediləcək, həftənin birinci yarısına nisbətən temperatur tədricən yüksələcək. Bu cür hava şəraiti martın 9-dək davam edəcək.

Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Maksimum temperatur martın 8-də müşahidə ediləcək. Həmin gün Abşeron yarımadasında 12-15 dərəcə isti olacaq, yarımadanın bəzi yerlərində temperatur 17 dərəcəyədək yüksələcək. Yaxın günlərdə Aran rayonlarında 13-18, martın 8-də 20 dərəcəyədək isti, dağlıq ərazilərdə 8-13, martın 8-də 15 dərəcəyədək isti qeydə alınacaq.

Yaxın üç gün ərzində Abşeron yarımadasında nisbətən sabit hava şəraiti və temperaturların tədricən yüksəlməsi metohəssas insan üçün əsasən əlverişlidir. Amma martın 9-da atmosfer təzyiqinin kəskin sutkalıq tərəddüdü, eyni zamanda cənub küləyinin şimal küləyi ilə əvəzlənəcəyi gözlənilir ki, bu da ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsiz olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar