Leyla Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği ilə bağlı ciddi iş aparır
13 Noyabr 2011 Bazar 00:15
Heydər Əliyev Fondunun icraçı direktoru Leyla Əliyeva: ““Baku” jurnalı bu istiqamətdə işin mühüm tərkib hissələrindən biridir”.
““Baku” jurnalı və onun ingilisdilli versiyası Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılması işinin mühüm tərkib hissəsidir”. Heydər Əliyev Fondunun icraçı direktoru, populyar “Baku” jurnalının ingilisdilli versiyasının Moskvada təqdimat mərasimində iştirak etmiş Anar Ələkbərov bunu AzərTAc-a müsahisində deyib.

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği ilə bağlı çox ciddi iş aparır, Azərbaycanın xaricdə həyata keçirdiyi bütün mədəni layihələri dəstəkləyir. Hesab edirəm ki, “Baku” jurnalı bu istiqamətdə işin mühüm tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə əlaqədar, Heydər Əliyev Fondu təkcə bu il çoxsaylı layihələr həyata keçirib. Bu tədbirlər çərçivəsində dünyanın bir sıra şəhərlərində genişmiqyaslı mədəni tədbirlər və proqramlar həyata keçirilmişdir. Bu tədbirlərin hazırlanmasına və keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bilavasitə rəhbərlik edib. Mayın 17-də biz ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş növbəti böyük tədbiri məhz Moskvada keçirmişdik. Bu gün belə nəşrlər, materiallar sayəsində biz Azərbaycan haqqında daha çox danışa bilərik. Bu, bizim ən əsas vəzifəmizdir. “Baku” jurnalının Rusiya Federasiyasındakı nəşrlər arasında artıq məxsusi yer tutması və jurnalın ingilisdilli versiyasının da bu sırada layiqli yer tutacağı, ingilisdilli auditoriya arasında populyarlaşacağı mübahisə doğurmur. Jurnal çox kreativ, maraqlı və informativdir. Bu, bizi sevindirir. Əminəm ki, bu jurnalın oxucu auditoriyası ilbəil genişlənəcək”, - o bildirib.

Anar Ələkbərov Azərbaycan mədəniyyətinin populyarlaşdırılması üçün gələcək planlar barədə söhbət açaraq deyib ki, Heydər Əliyev Fondu çoxlu nəşrlər buraxır: “Əvvəllər biz bu nəşrlərin təqdimat mərasimlərini keçirirdik. Bu gün isə onların sayı o qədər artıb ki, biz sadəcə olaraq fiziki baxımdan bu nəşrlərin təqdimatını keçirə bilmirik. Lakin onlar dünyanın əksər kitabxanalarında var, Azərbaycanda da var və buna görə də biz həmin nəşrləri müxtəlif dillərdə bütün dünyada yayacağıq. Bu nəşrlərdə ölkəmizin mədəniyyəti, görməli yerləri, xalçaçılıq sənəti, muğam irsi haqqında zəngin informasiya var. Hazırda böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş bir sıra nəşrlər, Azərbaycan kulinariyasına aid əsər çapa hazırlanır. Noyabrın axırlarında Vatikanda və Romada keçiriləcək tədbirlə əlaqədar italyan dilində nəşrlər hazırlamağı planlaşdırırıq”.

Anar Ələkbərov Heydər Əliyev Fondunun himayəsi ilə bu yaxınlarda Moskvada açılmış Azərbaycan Mədəniyyəti Mərkəzinin əhəmiyyəti barədə sualı şərh edərək bildirib ki, bu gün bütün dünyada belə mərkəzlər yaradılması prosesi gedir: “Şübhəsiz Heydər Əliyev Fondu Azərbaycanda inkişafının bütün sahələri haqqında ətraflı informasiya təqdim edən əsas təşkilatlardan biridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması məsələsi Fondun fəaliyyətində xüsusi yer tutur. Ümummilli əhəmiyyətli bu məsələ daim Fondun diqqət mərkəzindədir. Bu gün biz belə hesab edirik ki, bu cür mərkəzlər vasitəsilə insanlar Azərbaycana daha yaxın olmaq, onun haqqında daha çox öyrənmək imkanına malik ola bilərlər, beləliklə, bütün dünyada dostlarımız və tərəfdarlarımız artacaq. Ona görə ki, bu gün dünyada Azərbaycan haqqında gerçək informasiya çox azdır. Fond öz fəaliyyəti sayəsində bu boşluğu doldurur. Şübhəsiz, Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyəti bu istiqamətdə mühüm addım olacaq. Mənim fikrimcə, bu mərkəz vasitəsilə tələbələrin çoxu Azərbaycanla maraqlanacaq, Azərbaycana gəlməyi planlaşdıran vətəndaşlar bütün zəruri informasiya ilə tanış ola biləcəklər. Azərbaycan Mədəniyyəti Mərkəzinin yerləşdiyi Xarici Ədəbiyyat Kitabxanası öz xiyabanında Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən birinin büstünü qoymaq imkanı verib. Hazırda bu layihənin müzakirəsi gedir. Artıq bir neçə təklif hazırlanmışdır və orada kimin büstünün qoyulması yaxın vaxtlarda Heydər Əliyev Fondunun prezidenti tərəfindən təsdiq ediləcək, sonra isə lap yaxın vaxtlarda həmin büstün hazırlanması və ucaldılması işlərinə başlayacağıq.
Heydər Əliyev Fondunun Rusiya məktəblərinin yenidən qurulması layihələri barədə söhbət açan Anar Ələkbərov qeyd etmişdir ki, lap yaxın vaxtlarda Həştərxanda bu Fond tərəfindən yenidən qurulmuş məktəbin açılışı olmuşdur. Bundan əvvəl Ulyanovskda oxşar layihə həyata keçirilib. Həştərxanda uşaq idman meydançalarının açılması layihəsini də yaxın vaxtlarda müzakirə etmişik. Ola bilsin ki, bu layihə Rusiya fondları ilə birgə həyata keçiriləcək. Ulyanovskdan çox xoş rəylər alırıq. Bu, bizim üçün çox ciddi layihə idi. Biz bu layihə uğrunda mübarizə aparmış, onun həyata keçirilməsinə, necə deyərlər, can qoymuşuq. Biz çox ümid edirik ki, gələn il bu məktəbi bitirən həştərxanlı məktəblilər də Mehriban xanıma ünvanlanmış səmimi məktublar göndərəcəklər. Belə səmimi məktublar almaq o qədər xoşdur ki, düşünürsən, təkcə bunun xatirinə çox iş görməyə dəyər”.

Heydər Əliyev Fondunun icraçı direktoru sonda bildirib ki, bu yaxınlarda Fond əfsanəvi azərbaycanlı neftçi Fərman Salmanov haqqında film hazırlayıb. Bu film yaxın vaxtlarda Rusiyada təqdim ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar