Lerikdə torpaq sürüşməsi baş verib
18 Dekabr 2011 Bazar 11:59
Təbiət hadisəsi nəticəsində rayonla əlaqənin tam kəsilməsi təhlükəsi yaranıb.
Azərbaycanın Lerik rayonunda yenidən torpaq sürüşməsi baş verib. Rayonun Fövqalada Hallar Komissiyasının (FHN) sədri Habil Məlikovun ANS PRESS-ə verdiyi məlumata görə, Lerik-Lənkəran yolunun 18-ci, 23-cü, 27-ci, 43-cü, 53-cü kilometrliyində torpaq çöküntüləri yaranıb ki, bu da yolun tamamilə bağlanmasınə səbəb ola bilər. Bununla da, rayonla əlaqə tam kəsilə bilər.

Habil Məlikovun sözlərinə görə, rayonun bir çox ərazilərində, Veri-Əliabadı, Molalan, Gürdəsər, Hamarmeşə, Soru və s. kəndlərində torpaq sürüşməsi ciddi problemlər yaradıb. Ümumilikdə 20-ə yaxın evə ziyan dəyib.

“Bununla bağlı FHN-ə məlumat verilib. Hazırda torpaq sürüşməsilə əlaqədar ərazilərdə mütəxəssislər işləyir. Bəzi sakinlər evlərindən evakuasiya edilib. Ziyan dəyən evlərə baxış keçiriləcək və yaranmış fəsadlar aradan qaldırılacaq. Lakin ciddi problem Lerik-Lənkəran yolundadır ki, bu problemin qarşısında nəsə tədbir görülməsə, vəziyyət çətinləşər”, - deyə Habil Məlikov vurğuladı.


Qeyd edək ki, Lerikin Hamarmeşə kəndində torpaq sürüşməsi nəticəsində kənd sakini Orucəli Fətullayevin həyətyanı sahəsində 2 hektara yaxın ərazi torpaq 25 santmetrə yaxın çöküb. Artıq Lerik rayon FHK sürüşmənin baş verdiyi əraziyə baxış keçirib. Habil Məlikov bununla bağlı araşdırma aparıldığını bildirdi.

“Bəzi kütləvi informasiya vasitələrində xəbər şişirdilmiş halda verilir. 2 hektar ərazi 15 hektar kimi göstərilir. Amma əslində, bu düzgün informasiya deyil. Doğrudan da, ciddi problemlər qalır kənarda, kiçik bir problemi şişirdirlər”, - deyə Habil Məlikov gileyləndi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar