Lerik rayonunun 42 yaşayış məntəqəsi işıqsız qalıb
09 Fevral 2012 Cümə Axşamı 10:27
Fevralın 8-də günün ikinci yarısından etibarən dağlıq Lerik rayonunun 42 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
APA-nın Cənub bürosunun məlumatına görə, buna Masallı-Telavar-Lerik yüksək gərginlikli elektrik xəttinin keçdiyi 35 kilovoltluq elektrik stansiyasında yaranan nasazlıq səbəb olub. Rayona yağan güclü qar qəza briqadaları tərəfindən problemin aradan qaldırılması işini çətinləşdirib. Hazırda rayonda yağmurlu hava şəraiti hökm sürməkdədir. Rayon mərkəzinə 34 santimetr, ucqar ərazilərə isə 60-70 santimetr qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lerik rayon hidrometeoroloji hissəsindən APA-ya verilən məlumata görə, bu gecə Lerikdə mənfi 12,6 dərəcə şaxta qeydə alınıb. Kəskin hava şəraiti cənub bölgəsində nəqliyyatın hərəkətini də iflic edib. Yollar buz bağladığından avtobus və mikroavtobuslar xəttə çıxmayıb. Ötən gecə Lənkəranda 7 dərəcəyədək şaxta qeydə alınıb. Su kəmərlərinin donması səbəbindən şəhərdə mənzillərə suyun verilməsində çətinliklər yaranıb.
DOSTLARINLA PAYLAŞ: