Lənkəranda 2 yaşlı uşağın əli ətçəkən maşında qalıb.
07 May 2012 Bazar Ertəsi 10:09
Lənkəranda 2 yaşlı uşağın əli ətçəkən maşında qalıb
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Bəlləbur kəndində qeydə alınıb. Valideynlərinin gözündən yayınaraq nəzarətsiz qalan 2010-cu il təvəllüdlü Əsna Mirələm qızı Cəfərzadə elektrik ətçəkən maşınını hərəkətə gətirib. Nəticədə balaca qızcığazın sağ əli ətçəkən maşında qalıb. Körpənin qışqırığına yetişən valideynlər təcili olaraq onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətiriblər. MRX-də vəziyyətin ciddi olduğunu görən həkimlər kömək üçün dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə müraciət ediblər. Mərkəzin əməkdaşları tez bir zamanda xəstəxanaya gələrək operativ tədbirlərə başlayıblar. Belə ki, təhlükəsizlik qaydalarına riayət edilməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ət maşınının detalları kəsilib və uşağın əli ət maşınından çıxarılıb. Lənkəran MRX-da sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və 2-ci barmaq vəzilərinin əzilməsi diaqnozu qoyulmuş 2 yaşlı Əsnaya ilkin tibbi yardım göstərildikdən sonra o, müalicə üçün Bakı şəhər Elmi-Tədqiqat Travmatologiya İnstitutuna göndərilib.
Qeyd edək ki, bu, son 2 ildə Lənkəranda baş verən üçüncü analoji hadisədir.
DOSTLARINLA PAYLAŞ: