Kürün səviyyəsi qalxıb
06 Noyabr 2011 Bazar 14:12
Salyan və Neftçalada sakinlər üçün problemlər yaranıb.
Son bir həftə ərzində Kür çayının səviyyəsi Salyan rayonu ərazisində 1 metr 60 santimetr, Neftçalada isə 60 santimetr yüksəlib. Bu günlər ərzində Salyan rayonuna aylıq normadan 3,5, Neftçalaya isə 4 dəfədən artıq yağıntı düşüb. Bunun nəticəsində keçən illə müqayisədə çayın səviyyəsi Salyanda 65, Neftçalada isə 40 santimetr qalxıb.
Kürdə suyun səviyyəsinin qalxması isə əvvəlki illərdə olduğu kimi Salyan rayonunda yaşayanların vəziyyətini çətinləşdirib. Rayon ərazisində 100-ə yaxın evin həyətləri və zirzəmiləri qrunt suları altında qalıb.
Rayon Fövqalədə Hallar Komissiyasının sədri Etibar Hüseynov yaranan vəziyyəti qrunt sularının üzdə olması ilə izah edir. Digər bir səbəb isə drenaj sisteminin normal şəkildə işləməməsidir. Komissiya sədri 1250 hektar sahəsi olan rayon mərkəzinin yalnız 500 hektara yaxın hissəsinin drenaj şəbəkəsilə əhatə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, ilin sonuna kimi rayon ərazisində tam şəkildə drenaj şəbəkəsi yaradılacaq.
Mütəxəssislərin qənaətinə görə, Kür çayı Salyanı qövsvari şəkildə əhatə etdiyindən mütəmadi bu problemlər yaranır. Hələ iki il əvvəldən çayın bu hissəsinin düzləndirilməsi lahiyəsi təklif olunsa da, onun icrası bu günə qədər ləngiyir.
Hələlik isə yağan yağışlar və Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı Kürətrafı yaşayış məntəqələrinin sakinləri üçün təhlükəli vəziyyət qalmaqdadır.
DOSTLARINLA PAYLAŞ: