Kürün qalxması yenə qorxu yaradır
08 Noyabr 2011 Çərşənbə Axşamı 20:36
Kürün Xəzərlə birləşən hissəsində güclü lillənmə getdiyindən kiçik adalar əmələ gəlib.
İntensiv yağışlar Kür çayında suyun səviyyəsinin yüksəlməsinə gətirir ki, bu da çay ətrafında məskunlaşan əhalinin narahatlığına səbəb olur. Hələ ötən il yazda Kürdə baş verən daşqınların qorxusu sakinləri tərk etməyib.
Yağışların artdığı dövrdə çayın daşmasının əsas səbəblərindən biri isə onun mənsəbində yaranan vəziyyətlə bağlıdır. Kür çayının Xəzərlə birləşən hissəsində vaxtı ilə normal dərinlik olsa da, güclü şəkildə lillənmə getdiyindən, indi hazırda burada kiçik adalar əmələ gəlib.
2003-ci ildə baş verən daşqınlardan sonra tələsik qazılan yardımçı qol, mütəxəssislərin fikrincə, çayın axınını o qədər də sürətləndirməyib. Üzü xəzri küləyi istiqamətində qazılan bu qolun dənizlə birləşən hissəsində bir neçə dəfə təmizləmə işləri aparılsa da bu, heç bir effekt verməyib. Yerli mütəxəssislər də tezliklə Kürun dənizə maneəsiz qovuşması uçun çayın 7 kilometrə yaxın əsas yatağının lil qatından təmizlənməsini vacib hesab edirlər.
Ötən il Kürün Xəzərə tökülən hissəsində lil təmizləyən gəmilər işləyib çayı müəyyən qədər dərinləşdirsə də, hazırda mənsəbdə yenidən lil qatı artıb. İndi burada suyun dərinliyi cəmi 15-20 sm-dir.
DOSTLARINLA PAYLAŞ: