Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin may ayının ilk ongünlüyünün nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məluamata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. I ongünlükdə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 315 m3/san artaraq 566 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə, biogen maddələrdən ammonium və nitrit ionları dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçib.