Korrupsiya hallarının azalmasını vətəndaşlar hiss edirmi?
13 Yanvar 2012 Cümə 21:54
Ekspertlər ötən il ərzində korrupsiya ilə mübarizə sahəsində çox işlər görüldüyünü desələr də, problemlərin də qaldığını bildirir.
Sabah Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində əlamətdar gündür. 2011-cu il yanvarın 14-də Nazirlər Kabinetinin sosial-iqtisadi yekunlara həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev ölkədə korrupsiya ilə mübarizə sahəsində tədbirlərin gücləndirilməsi haqda göstərişlər verib. Ötən bir il ərzində ölkəmizdə bu sahədə vəziyyət necə dəyişdi?
Xatırladaq ki, Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev bəyan etmişdi ki, ölkədə bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Ölkə başçısının tapşırıqlarından sonra ötən il yanvarın 27-də korrupsiyaya qarşı mübarizə komissiyası bütün aidiyyətı dövlət orqanlarının iştirakı ilə xüsusi iclas keçirdi. Ötən bir il ərzində korrupsiyanın azaldılması, rüşvətxorluqla mübarizə sahəsində görülən tədbirləri vətəndaşlar hiss edirmi?
Bu suala şəhər sakinlərinin cavabları birmənalı olmadı. Bakı sakini Telnaz İsgəndərova deyir ki, rüşvətxorluq qismən azalıb və korrupsiya ilə mübarizə hiss olunur: “Müəyyən qədər bu say azalıb. Amma süründürməçilik qalıb”.
Digər şəhər sakini İnqilab Məmmədov isə düşünür ki, Azərbaycanda hələ də rüşvət var və aparılan işlərə baxmayaraq bu heç də azalmayıb.
Ekspertlər isə ötən 1 il ərzində Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində çox işlər görüldüyünü desələr də, problemlərin də qaldığını bildirirlər.
“Transparency İnternational”ın Bakı nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyevanın sözlərinə görə, korrupsiya ilə mübarizədə əsas problem budur ki, qanunlar var, amma onlar işləmir. O deyir ki, qanunların da işləməsi üçün əhali müqavimət göstərməlidir.
Ekspertlər korrupsiya ilə mübarizədə uğur qazanmaq üçün yalnız dövlətin və qeyri-hökumət təşkilatlarının deyil, vətəndaşların da üzərinə böyük iş düşdüyünü deyirlər.
Rəna Səfərəliyeva əhaliyə müraciət edərək, insanları rüşvətlə mübarizədə müqavimət göstərməyə çağırıb.
Qeyd edək ki, Azərbaycanda korrupsiya ilə mübarizənin effektivliyini artırmaq məqsədilə 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007 - 2011-ci illər üçün fəaliyyət planı təsdiq edilib. Görülən tədbirlər nəticəsində 2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanıb. Hazırda 83 cinayət işinin istintaqı davam etdirilir. Saxlanan şəxslər arasında yüksək rütbəli dövlət məmurları da var.
DOSTLARINLA PAYLAŞ: