Kişinyovdakı səfirimiz Moldova prezidenti ilə görüşüb
05 Aprel 2012 Cümə Axşamı 01:30
Nikolaye Timofti: “Moldova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tamamilə dəstəkləyir”
Azərbaycanın Kişinyovdakı səfiri Namiq Əliyev Moldova prezidenti Nikolaye Timofti ilə görüşüb. Nikolaye Timofti Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını razılıq hissi ilə qeyd edib və xüsusi vurğulayıb ki, Moldova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tamamilə dəstəkləyir.

Moldova Respublikasının prezidenti qeyd edib ki, Moldova ilə Azərbaycan arasında ikitərəfli əlaqələr qarşılıqlı anlaşma prinsiplərinə əsaslanır və strateji xarakter daşıyır. O, razılıq hissi ilə vurğulayıb ki, iki ölkənin əsas dövlət strukturları arasında əlaqələr yaxşı tənzimlənib. Moldova Prezidenti iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib. O, həmçinin vurğulayıb ki, bu ilin əvvəlindən iki ölkə arasında siyasi sahədə əməkdaşlıq daha da möhkəmlənib.

Nikolaye Timofti Moldova Respublikasının prezidenti seçilməsi münasibətilə onu təbrik etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü çatdırmağı xahiş edib.

Səfir Namiq Əliyev qeyd etmişdir ki, o, öz ölkəsinin təmsilçisi kimi, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və Azərbaycanla Moldova arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcək, əldə edilmiş razılaşmaların həyata keçirilməsində ən fəal mövqe tutacaq. Diplomat əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnun olduğunu bildirib. O deyib ki, Azərbaycan Moldova ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. İki ölkə arasında əlaqələrin uğurla inkişaf etməsini vurğulayan səfir bu əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Kişinyovdakı diplomatik nümayəndəliyinin başçısı görüşdə Moldova prezidentinə Dağlıq Qarabağ münaqişəsi haqqında, habelə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri” keçirilməsinin Ermənistan tərəfindən növbəti təhrikçilik və mövcud status-kvonu saxlamaq cəhdi olması barədə məlumat verib. Qeyd edilib ki, bu “seçkilər” qanunsuzdur və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar