Kim düz deyir, Nəqliyyat Nazirliyi yoxsa Nəqliyyat Departamenti?
12 Yanvar 2012 Cümə Axşamı 17:08
Sürücülər: "Nəqliyyat Departamentinin işçiləri sürücülərin lizensiya almasına şərait yaratmırlar".
Bu gün 20-ə yaxın taksi sürücüsü Nəqliyyat Nazirliyinin lisenziyadan kənar işləyən taksilərin xətdən kənarlaşdırılacaq xəbərinə öz etirazını bildirib. Bu barədə ANS TV xəbər verib.

Sürücülərin sözlərinə görə, lisenziya almaq üçün heç bir problemləri yoxdur. Sadəcə Nəqliyyat Departamenti işçiləri sürücülərin lizensiya almasını istəmir və buna şərait yaratmırlar. Kim liseynziya almaq istəyirsə, geri qaytarırlar. Deyirlər ki, lizensiya, filan boş şeydir, elə bizə hər ay 50-55 manat verin biz də sizin lisenziyasız fəaliyyətinizə göz yumaq.

Sürücülər deyir ki, indi ortalıqda qalıblar. Nəqliyyat Nazirliyi bir şey deyir, ona tabe olan departament ayrı şey.

Sürücü Qaməddin Məmmədov sənədlərinin alınaraq, ona başqa bir kağız verildiyini deyir. “Nə adı var, nə soyadı. Deyir bununla səni DYP saxlamaz. Amma DYP də deyir ki, bu sənəd əsassızdır”.

Bir sözlə, taksi sürücülərinin hədəfi nəqliyyat müfəttişləri idi. Onların sözlərinə görə, müfəttişlər taksilərə mülki geyimdə oturur, sonradan əsl üzlərini göstərirlər. Bunun artıq ənənə halını aldığını deyən sürücülər faktlar da açıqlayırlar.

Eyyub Alıyev adlı sürücü may ayında maşınına oturan əməkdaşın ondan sənədlərini aldığını bildirib: “İndi də mənə deyir 500 manat ver. Haradan verim?”.

Taksi sürücülərindən qanuni yolla niyə lisenziya almadıqlarını da soruşduq. Dedilər almaq mümkün deyil. 100 minlərlə bəhanə gətirirlər. 30-a yaxın sənəd tələb edirlər, sonda da məlum olur ki, 500 manata yaxın pul verməlisən. Hərçənd sürücülər deyirlər, gündəlik qazancları onların istədiklərinin heç yarısının yarısı da deyil.

"Qanuni lisenziya 15-20 manata olsun alaq. Yoxsa belə olmaz. Qalmışıq yollarda", sürücü Fikrət İsmayılov iradını çatdırıb.

Lisenziya almaq üçün taksi sürücülərinin ixtiyarında cəmi 1 gün qalır. Onlar isə çaşıb qalıblar. Qiyməti bilinməyən bu lisenziyanı almağa dəyər, ya yox?

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bundan sonra, yalnız fərqlənmə nişanı ilə taksi fəaliyyəti göstərməyə icazə verilməyəcəyini deyib. "Bu, qanunsuz fəaliyyətdir. Çünki, lisenziya yoxdursa, taksi kimi işləməyə də icazə yoxdur. İcazə alandan sonra, aylıq vergi ödəyicisi kimi fərqlənmə nişanı alıb fəaliyyət göstərə bilərlər. Ona görə də, kimin fəaliyyət icazəsi yoxdursa, həmin taksilər tam yığışdırılacaq".

Taksi kimi fəaliyyət göstərmək istəyənlər 150 manat ödəyib 5 il müddətinə lisenziya almalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar