Kəmaləddin Heydərov sürüşmə baş verən kəndlərə gedib
29 Mart 2012 Cümə Axşamı 13:51
Fövqəladə hallar naziri Şamaxı və Ağsu rayonlarının sürüşmə baş verən ərazilərinə baxış keçirib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə gedib. APA-nın xəbərinə görə, nazir əvvəlcə sürüşmə zonasına vertolyotla baxış keçirib, daha sonra qəzalı vəziyyətə düşən evlərlə tanış olub, yerli sakinlərlə görüşüb.

Nazir deyib ki, qəzalı vəziyyətə düşən evlərin sakinlərinin köçürülməsi prosesi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi və texnikasının köməkliyi ilə həyata keçiriləcək. Nazir, rayonun Meysəri kəndi ərazisində Muğanlı kənd bələdiyyəsinə məxsus pay və bələdiyyə torpağına da baxış keçirib.

K. Heydərov Ağsu rayonu ərazisində torpaq sürüşməsi baş verən kəndlərin sakinləri ilə də görüşüb.

Nazir yerli sakinlərlə görüşlərində əraziyə Azərbaycan prezidentinin tapşırığı ilə gəldiyini, sürüşmədən ziyan çəkən əhalinin bütün tələblərinin yerinə yetiriləcəyini, köçürülmə, evlərin tikilməsi proseslərinin yüksək səviyyədə təşkil olunacağını vurğulayıb.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev nazirə mövcud vəziyyət barədə məlumat veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar