Kardiologiya problemləri mövzusunda simpozium
17 Aprel 2009 Cümə 15:45
İki günlük simpoziumda Amerikanın dünyada məhşur olan tibb mərkəzlərinin professorları mühazirə oxuyublar

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında bir sıra xarici ölkələrdən dəvət olunmuş, habelə Azərbaycanın tanınmış kardioloqlarının iştirakı ilə «Kardiologiya problemləri» mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb. Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) mərhum baş həkimi Fəxrəddin Cavadovun xatirəsinə həsr olunan 2 günlük simpoziumda Amerikanın dünyada məhşur olan tibb mərkəzlərinin professorları mühazirə oxuyublar, kardiologiya sahəsində əldə olunan yeniliklər barədə azərbaycanlı həmkarları ilə birgə fikir mübadiləsi aparıblar.
MNX-nın ürək və damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudov simpoziumun həkimlərin daha da təkmilləşməsinə və Avropa, Amerika həkimləri arasında ortaq müzakirələr aparmasına imkan verdiyini bildirib. Qəfil ölüm halları içərisində ürək damar xəstəliyi bir nömrəli problem olduğu üçün kardiologiya sahəsində elmi nailiyyətlərin Azərbaycanda da tətbiqinin vacib sayıldığını deyən şöbə müdirinin fikrincə, son vaxtlar Azərbaycanda ən çətin ürək cərrahiyyələri aparılır.
Son dövrlərdə ürəyindən şikayət edənlərin sayı da artıb. Bunun səbəblərini isə kardioloqlar həyatın daha sənayeləşməsi, qeyri-fəal həyat tərzi, günlük stress və sairə ilə əlaqələndirirlər.
Rəsmi statistika olmadığından ürək xəstəliyindən əziyyət çəkənlərin artıb-azaldığını dəqiq demək mümkün deyil. Lakin respublikanın baş kardioloqu Faiq Quliyevin sözlərinə görə, xəstəliklə bağlı diaqnozun ilkin mərhələdə qoyulması ürək xəstəliyinin cavanlaşması anlamına gəlməməlidir. Xəstəliyin qarşısının alınmasında həkimlərin də rolu böyükdür. Hesablamalara görə, Azəbaycanda hazırda hər min nəfər əhaliyə düşən həkim sayı bəzi Avropa ölkələrindən çoxdur. Baş kardioloq bildirib ki, Səhiyyə Nazirliyinin apardığı islahatlar nəticəsində həkimlər hər 2-3 ildən bir təkmilləşmə kurslarından keçir, tez-tez seminarlar təşkil edilir.
Qeyd edək ki, tədbirdə həmçinin kardiologiya sahəsinə aid sərgi də nümayiş etdirilib. Simpozium sabah da davam etdiriləcək./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar