İnterpol Allahşükür Paşazadənin qudasını beynəlxalq axtarışa verib
27 Mart 2012 Çərşənbə Axşamı 12:30
Azərbaycanda fəaliyyət göstərən “Evsen Group”un sahibi Əli Evsen beynəlxalq axtarışa verilib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Axtarış materialında 49 yaşlı Əli Evsenin üç ölkənin - Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşı olduğu qeyd olunub. O, Misir dövləti tərəfindən beynəlxalq axtarışa verilib. Əli Evsen dələduzluqda ittiham olunur.
Qeyd edək ki, Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Salemi və onun oğlu Halid Salemi ilə birgə ötən ilin yayında çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə əlaqədar İspaniyada həbs edilib. Təxminən bir ay sonra isə günahı sübuta yetirilmədiyi üçün Əli Evsen heç bir girov ödəmədən azadlığa buraxılıb.
Xatırladaq ki, Əli Evsenin Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.
Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.
DOSTLARINLA PAYLAŞ: