İlham Əliyev yeni yolun açılışını edib
23 Dekabr 2011 Cümə 22:39
Prezident Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak edib. Dövlət başçısı yolun açılışında iştirak etmək üçün Ələt qəsəbəsinə gedib.
Bakını respublikanın cənub və qərb bölgələri ilə birləşdirən magistral yol Ələt qəsəbəsində 2 yerə ayrılaraq biri İran İslam Respublikası sərhədinə, digəri isə Gürcüstan sərhədinə istiqamət götürür. Nəqliyyatın buradakı intensivliyi yolların ayrıcında və birləşməsində gərginlik yaradırdı. Bu problemin aradan qaldırılması ilə əlaqədar prezident İlham Əliyevin tapşırığına əsasən 2009-cu ilin noyabrında Ələt-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yeni yolun və 2 yol qovşağının tikintisinə başlandı. Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərinşaatservis” Məhdud Məsuliyyətli cəmiyyət 2 il müddətində inşaat işlərini başa çatdırıb.
Yolun layihə-smeta sənədləri ilə tanışlıq zamanı nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, ümumi uzunluğu 9 kilometr və 4 zolaqdan ibarət olan yol birinci dərəcəlidir. Burada 7 kilometr uzunluğunda köməkçi yol da çəkilib. Beynəlxalq əhəmiyyətli bu magistralda nəqliyyatın sıxlığı və ağır tonnajlı avtomobillərin hərəkəti nəzərə alınaraq layihədə bu yolun möhkəmliyinə və davamlılığına xüsusi diqqət yetirilib. Bildirilib ki, yolun Ələt qəsəbə mərkəzindən kənara çıxarılması bu yaşayış məntəqəsində də nəqliyyat vasitələrinin yaratdığı gərginliyi aradan qaldırır. Yol üzərində tikilmiş 2 qovşaq isə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin edir. Sonra prezident İlham Əliyev yeni yolun açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yeni salınmış dairəvi yola və yol qovşaqlarına baxıb.
DOSTLARINLA PAYLAŞ: