İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında olub
14 Sentyabr 2011 Çərşənbə 02:22
Dövlət başçısına rəsədxanada aparılan yenidənqurma işləri barədə məlumat verilib
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olub. Ona məlumat verilib ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb, 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.
Qeyd olunub ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncam və tapşırıqlar verib. Dövlət başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılıb.
Rəsədxananın inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, əsaslı yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-rəsədxana əsas qaz kəməri çəkilib, yerüstü elektrik xətti tam yenilənib. İnzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırıldı ki, rəsədxana AMEA tərəfindən təsdiq olunan elmi proqram əsasında fəaliyyət göstərir. Bu proqram dünya elminin ən qabaqcıl istiqamətləri ilə uzlaşdırılıb. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
Dövlət başçısı rəsədxananın muzeyi ilə tanış olub. Muzeydə müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələri əks olunub. Muzeyin ən qiymətli eksponatı 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən, tərkibi 92 faiz dəmirdən olan 127 kiloqramlıq meteoritdir. Rəsədxananın akt zalında da elmi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Növbəti mərhələdə rəsədxananın maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni avadanlıqla təminatı məsələsi diqqət mərkəzində olacaq.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, burada Günəş fizikası sahəsində tədqiqatlar aparılıb, yüksək elmi nəticələr əldə olunub. Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilib.
Prezident İlham Əliyev rəsədxana kompleksinin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış olub. Bildirilib ki, burada rəsədxanada çalışan elmi heyətin və onların ailələrinin yaşaması üçün yüksək infrastruktura malik şərait yaradılıb. Əməkdaşlar üçün 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası inşa olunub. Kompleksə poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər də daxildir.
DOSTLARINLA PAYLAŞ: