İlham Əliyev: Korrupsiyaya qarşı mübarizə davam etdiriləcək
16 Yanvar 2012 Bazar Ertəsi 19:46
İlham Əliyev: "Ötən il ölkədə işsizliyin səviyyəsi 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb".
Prezident İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olub. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərib. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb.
İnflyasiya birrəqəmli səviyyədə qalıb, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlib. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunmuş və bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçib. Keçən ildə maaşlar, pensiyalar artırılmış, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb.
“Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq” deyən prezident İlham Əliyev bildirib ki, keçən il səhiyyə, təhsil, idman, mədəniyyət obyektlərinin tikintisi davam etdirilib. Ötən il 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb.
Prezident İlham Əliyev vurğulayıb ki, keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə edib. Belə ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanıb.
Dövlət başçısı bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının “status-kvo”nun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirib. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu, bu çərçivədə böyük işlərin görüldüyünü, yeni müasir otellərin açıldığını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edildiyini, Gənclər Fondunun yaradıldığını bildirib. Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə ölkənin enerji potensialının və yeni qaz yataqlarının kəşfi, mavi yanacağın nəqli və tranziti ilə də bağlı mühüm addımlar atılıb.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Prezident İlham Əliyev yekun nitqində bildirib ki, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. “2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaq” deyən dövlət başçısı ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi üçün imkanların olduğunu bildirib. Dövlət İnvestisiya Proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək.
Bununla yanaşı, suvarma və meliorasiya, qazlaşdırma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. Prezident bildirib ki, 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək.
Bununla yanaşı, dövlət başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
Prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcəkdir. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına stadionun təmir-bərpası davam etdiriləcəkdir. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili “İdman ili” elan etdi və bununla bağlı müvafiq sərəncamın imzalanacağını bildirib.
DOSTLARINLA PAYLAŞ: