İlham Əliyev: Biz Bakını gözəlləşdiririk, qoruyuruq, sevirik
29 Dekabr 2011 Cümə Axşamı 00:27
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Azərbaycanda təkcə bu il üçüncü beşulduzlu otel açılıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı zamanı deyib. Onun fikrincə, bir ildə beşulduzlu üç otelin açılması çox böyük hadisədir: “Bu, onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə, turizm potensialına çox böyük ümidlər, inam vardır. Yerli və xarici investisiyalar Azərbaycanda lazımi səviyyədə qorunur. Biz ötən 15 il ərzində ölkəmizə 100 milyard dollardan artıq investisiya cəlb edə bilmişik. Təkcə keçən il 16 milyard, bu il hələ ki, hesablamalar gedir. Əminəm ki, vəsait Azərbaycan iqtisadiyyatına ondan artıq qoyulub. Bu vəsaitin bir hissəsi turizm infrastrukturunun yaradılmasına yönəldilir”.

Dövlət başçısı deyib ki, gələn il təkcə Bakıda yenə də beşulduzlu üç otel fəaliyyətə başlayacaqdır - “Marriott”, “Four seasons” və “Bermond” otelləri: “Beləliklə, iki il ərzində Bakıda, təkcə bir şəhərdə, beşulduzlu, dünya şöhrətli 6 otel istifadəyə verilir. Mən hesab edirəm ki, bu, nadir bir hadisədir. Nəinki bu bölgədə, postsovet məkanında və geniş mənada qitədə nadir bir hadisədir ki, iki il ərzində bir şəhərdə dünyanın ən məşhur 6 brendi öz otellərini müştərilərin üzünə açır. Bu, ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, yerli və xarici şirkətlər Azərbaycana vəsait qoymaq üçün öz imkanlarını gücləndirirlər”.

“Azərbaycan yaşamaq, istirahət etmək üçün çox gözəl bir yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk. Yeni infrastruktur layihələri icra edilir. Qədim Bakı nəzarət altındadır, dövlət tərəfindən qorunur. İçərişəhərdə təmir-bərpa işləri böyük zövqlə aparılır. Bizim gözəl bulvarımız yenidən qurulubdur. Bakıda yeni bulvar tikilir. Biz bir neçə aydan sonra yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Bayraq Meydanına qədər uzanacaq, Bayraq Meydanı ilə birləşəcəkdir. İndiki bulvarımızın 4 kilometrinə əlavə ən azı 8 kilometr dənizkənarı gəzinti zolağı əlavə edilməlidir”, - Azərbaycan prezidenti əlavə edib. Onun sözlərinə görə, təkcə Bakıda deyil, , digər bölgələrdə də hazırda beşulduzlu bir neçə otel tikilməkdədir: “Biri Qubada, üçü isə yeni yaradılan “Şahdağ” qış-yay turizm kompleksi zonasında. Bu otellərin istifadəyə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcək”.

“Biz Bakını gözəlləşdiririk, Bakını qoruyuruq, sevirik. Belə gözəl otellərin Bakıda yaradılması şəxsən məni çox sevindirir”, - İlham Əliyev deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar