İctimai-siyasi xadimlər İlham Əliyevə nə arzu etdilər?
24 Dekabr 2011 Şənbə 17:04
Bu gün dövlət başçısı İlham Əliyevin doğum günüdür.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısı 50 illik yubileyini qeyd edir. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

ANS PRESS Azərbaycanın ictimai-siyasi xadimlərinin, eləcə də incəsənət nümayəndələrinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə arzularını oxucuları ilə bölüşür:

Xalq artisti Fərhad Bədəlbəyli:

"Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bununla cənab prezident vacib addım atdı. Üzeyir Hacıbəylinin adını Bakı Musiqi Akademiyasına geri qaytardı. Bu, böyük hadisə idi, bütün ictimaiyyət bunu razılıqla qarşıladı. Buna görə ona dərin minnətdarlığımı bildirmək istərdim.

Hörmətli prezidentimiz bütün iclaslarda, beynəlxalq görüşlərdə mütləq Dağlıq Qarabağ problemini qaldırır. Bu bizim üçün çox vacibdir. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşkil edilməsi, onun maliyyələşdirilməsi, bütün bu addımları əlbəttə böyük hörmətlə qəbul edirik. Ona görə də bu yubiley bizim üçün çox əzizdir. 50 il çox cavan vaxtdır. Prezident fiziki cəhətdən çox möhkəm, bir neçə dil bilən, ağıllı siyasətçidir. Böyük insanın oğludur və onun siyasətini davam etdirir. Biz hamımız fəxr etməliyik ki, belə prezidentimiz var".


"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid:

"Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm. Yaxşı xatırlayıram, 2004-cü ilin yanvar ayında ilk dəfə prezident seçiləndən sonra Avropa Şurasına səfər etdi və orada çıxış etdi. O görüşlər ərəfəsində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski mətbuat konfransı keçirdi və ona İlham Əliyev barəsində də sual verildi. Və o, bir az ironiya ilə dedi ki, "indi Azərbaycana yeni prezident gəlib. İlham Əliyev cavandır, Azərbaycanda gündə dövlət çevrilişi olacaq. Hakimiyyət dəyişikliyi olacaq, zəif, boş hakimiyyət olacaq".
Bu, təkcə onun fikri deyildi, bir çox Azərbaycanı istəməyən siyasətçilərin düşüncələri idi. Demək istəyirəm ki, aradan 8 il keçməsinə baxmayaraq, Azərbaycan haqda belə düşünən siyasətçilərin fikirləri səhv çıxdı. İlham Əliyev sübut etdi ki, o, Azərbaycanı müdrik şəkildə idarə edə bilər. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olduğu dövrdəki siyasəti, prezident olduğu dövrdə də davam etdirdi, 8 ildə xeyli çətin yollardan keçdi.

Azərbaycanın içində hər bir sahədə olan intibah, inkişaf göz qabağındadır. İndi dünyada çətin siyasi proseslər baş verir, bu proseslərin içindən Azərbaycanı sabit, stabil çıxarmaq özü böyük müdriklikdir. Hesab edirəm ki, İlham Əliyev artıq 50 yaşında müdrik obrazını yaradıb. Onu təbrik edirik".

Xalq artisti, "Şöhrət" ordenli xanəndə Mənsum İbrahimov:

"İlk növbədə dövlət başçısı İlham Əliyevə can sağlığı, gördüyü şərəfli işdə uğurlar arzulayıram. Çünki ulu öndərimiz Heydər Əliyevin miras qoyduğu yeni Azərbaycanımızı ləyaqətlə qurur, yaradır. Daxili və xarici siyasətini dəstəkləyirəm. Deyərdim ki, hər zaman mədəniyyətimizə, muğam sənətimizə xüsusi diqqətlə yanaşır. Muğam ifaçılarını, mədəniyyət nümayəndələrini hər zaman diqqətdə saxlayır. Ölkəmizin bugünki inkişafında onun çox böyük zəhməti var. Ona ilk növbədə ailəsi, övladları, nəvələri ilə birgə xoşbəxtlik arzu edirəm. Bu şərəfli yolda ona uğurlar arzu edirəm".

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı:

"Dövlət başçısı İlham Əliyevi təbrik edirəm. O, ölkənin atributlarından biridir. Vətəndaşların hüquqlarının müdafiəsi, daxili və xarici siyasət, son dərəcə mürəkkəb siyasi coğrafi məkanda yerləşən dövlətin siyasətini qurmaq və onu idarə etmək mürəkkəb vəzifədir. İndiyə qədər apardığı siyasəti daha da cəsarətlə davam etdirməsini arzulayıram. Moskvada, bir sıra MBD ölkələrində onun Azərbaycanın müstəqilliyini qorunmasına xidmət edən yeni bir çıxışının şahidi oldum. Bu yolda ona uğurlar arzu edirəm, gəncdir, hələ qarşıda çox böyük bir yol var. Ailə xoşbəxtliyi, siyasi fəaliyyətində başarılar, uğurlar diləyirəm".

Xalq artisti İlhamə Quliyeva:

"Mən Heydər Əliyevin hakimiyyəti dövründə bir vətəndaş, sənətçi, ictimai xadim kimi formalaşmışam. Bu gün Heydər Əliyevin şah əsəri İlham Əliyevin rəhbərlik etdiyi ölkənin vətəndaşıyam. Ona uzun ömür, can sağlığı arzu edirəm. Deyərdim ki, İlham Əliyev Azərbaycan xalqının, türk xalqının çox hörmətli dövlət başçısıdır. Böyük dövlət baçısı olmaqla bərabər, həm də onun çox sadə bir insan olduğunu qeyd etmək istəyirəm. O çox sadə, humanist bir şəxsiyyətdir. Heydər Əliyevin davamçısı olan İlham Əliyev Azərbaycanı bütün dünyada tanıtdırır. Fəxr edirəm ki, onun rəhbərlik etdiyi ölkənin vətəndaşı, sənətkarıyam. Allah bütün ürəyindəki arzularını həyata keçirsin. Xalqımız fəxr etsin ki, dövlət baçısı ilham Əliyevdir. Yaşasın İlham Əliyev! Yaşasın İlham Əliyev siyasəti!"

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı:

"Prezident İlham Əliyevi doğum günü və xüsusilə 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona Azərbaycan kimi ölkənin idarə olunmasında yeni-yeni uğurlar, Azərbaycanın çiçəkənməsi uğrunda aparılan mübarizədə ancaq sevinc dolu xəbələr arzu edirəm. Ən böyük arzum odur ki, hələ İlham Əliyevin rəhbərliyi dövründə Dağlıq Qarabağı azad edək və Şuşanın ən uca yerlərindən birində İlham Əliyevlə birgə Azərbaycanın bayrağını dalğalandıraq".

Millət vəkili Asim Mollazadə:

"Təbrik edirəm, işlərində uğurlar arzu edirəm. İstəyimiz Azərbaycanın güclü, müasir olmağıdır. Azərbaycanın dünyada özünə layiqli yer tutmasıdır".

Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla:

"Dövlət başçısına mətanət və əzm arzu edirəm. Azərbaycanın gələcəyi uğrunda böyük-böyük uğurlar".

İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova:

"İnsan hüquqları üzrə müvəkili olaraq həm özüm, həm də əməkdaşlarım adından hörmətli prezidenti 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona və ailə üzvlərinə həmişə olduğu kimi uzun ömür, can sağlığı, səadət arzu edirəm. Doğma Azərbaycanımızın inkişafında yeni uğurlar arzu edirəm.

Dünyada iqtidasi tənəzzül, torplaqlarımızın erməni təcazüvü altında olduğu bir dövrdə Azərbaycanın yüksələn xətlə inkişafı, bir çox sahələrdə iqtisadi, sosial problemlərin həlli, eyni zamanda islahatlar öz nəticələrini verməkdədir. Prezidentin fərman və sərəncamları əsasında insan haqları sahəsində də böyük işlər görülüb. Heç də hər ölkədə olmayan Milli fəaliyyət planı təsdiqlənib. İyunun 18-i Azərbaycanda Milli İnsan Haqları Günü kimi təsdiq olunub. Azərbaycan yeganə ölkədir ki, buna nail olub.

Azərbaycan sosial, iqtisadi inkişaf göstəricilərinə görə bütün düyada tanınır. Hamı, elə prezidentin də arzusudur ki, gələcək illər bizə qələbə müjdəsi gətirsin. İnşallah, torpaqlarımız işğaldan azad edilsin, ərazi bütövlüyümüz bərpa edilsin, qaçqın və məcburi köçkünlər evlərinə qayıtsın. İstərdim ki, ölkəmiz yeni uğurlara imza atsın, bütün sahələrdə inkişaf olsun, regionların rifahı artırılsın, əhalinin hər bir təbəqəsinin hüquqları qorunsun. Bu sahələrdə uğurlarla yanaşı ailəsində yeni sevinclər arzu edirik".

ANS-in bütün kollektivi Azərbaycan dövlət başçısını doğum günü münasibətilə təbrik edir, ona Azərbaycanın dövlət quruculuğundakı işlərində uğurlar, can sağlığı və ailə səadəti arzulayır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar