Heydər Əliyev Mərkəzi Eurovisiona qədər hazır ola bilər. Mərkəzin bu il istifadəyə veriləcəyi bildirilir.
Bakıda Nərimanov rayonu keçmiş “Səttarxan” zavodunun yerində tikilən Heydər Əliyev Mərkəzində qızğın iş gedir. Tikintisinə 2007-ci ildə başlanılan Heydər Əliyev Mərkəzinin memarı dünya şöhrətli ərəb əsilli memar Zaha Hadiddir. Tikinti işlərini isə “DİA Holdinq FZCO” şirkəti həyata keçirir. ANS PRESS olaraq ərazidə olduq və gedən iş prosesi ilə tanış olduq.
Öyrəndik ki, mərkəzdə artıq əsas tikinti işləri yekunlaşıb. Hazırda ikinci dərəcəli tikinti işləri gedir. İş icraçısının sözlərinə görə, mərkəzin bu ilin sonlarında təhvil verilməsi planlaşdırılsa da ola bilsin ki, mərkəz “Eurovision-2012”ə qədər hazır olsun.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 15,25 hektardır. Onun 2 hektarını əsas bina və digər tikililər, 13,25 hektarı landşaft ərazisi olacaq. Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və bir-biri ilə bağlı olan üç əsas strukturdan ibarət olacaq.
Kompleksin ümumi mərkəzi 57 min kvadrat kilometrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi, 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzi daxil olacaq. Ümumi istifadə ediləcək sahə 6.039 kvadrat metr təşkil edəcək.
Heydər Əliyev Mərkəzi beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcək.