Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda “Fransa inciləri” sərgisi açılıb
10 Mart 2012 Şənbə 23:18
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılıb.
APA-nın xəbərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, diplomatik korpusun rəhbərləri sərginin açılış mərasimində iştirak ediblər.

Sərgi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi ilə reallaşıb.

İki ay ərzində 400-dək nadir əsərin nümayiş olunacağı sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Muzeyləri Birliyi-Böyük Saray tərəfindən, Luvr, Orse muzeylərinin, Fransa Milli Kitabxanasının, Milli Mebel və Milli Qobelen, Bove və Savonri manufakturalarının, qəsrlər üzrə dövlət təsisatının, Versal sarayının və bir çox digər Fransa muzeylərinin iştirakı ilə təşkil olunub.
Tədbirdə çıxış edən Mehriban Əliyeva “Fransa inciləri” sərgisinin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Birinci xanım başqa ölkələrin paytaxtında da nümayiş etdiriləcək sərginin ilk dəfə məhz Bakıda təşkil edildiyini bildirib.

M. Əliyeva Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında nazir Frederik Mitteranın xüsusi rolu olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti bildirib ki, sərgidə nümayiş olunan xalçaçılıq, təsviri incəsənət nümunələri, qravürlər və fotoşəkillər, dekorativ sənət əşyaları Fransanın ən möhtəşəm muzeylərinin kolleksiyalarından gətirilib: “Versal sarayını, Luvr və Orse muzeylərini, Pompudi mərkəzini, Fransa Dövlət Kitabxanasını və digər çox məşhur mədəniyyət ocaqlarını bəzəyən 400-ə yaxın eksponat iki aydan çox paytaxtımızda təqdim olunacaq. Pussen, Deqa, Renuar, Tuluz-Lotrek, Sisley, Roden kimi dahi rəssamların və heykəltəraşların əsərləri ilə birbaşa tanış olmaq üçün bu, gözəl bir fürsətdir”.

M. Əliyeva Fransa ilə Azərbaycan arasındakı mədəni əlaqələrin tarixinə nəzərə salaraq, hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşünü xatırladıb. O, həmçinin Üzeyir Hacıbəylinin 1995-ci ildə Parisin “Femina” teatrında fransız dilində tamaşaya qoyulmuş “Arşın mal alan” operettası, Fransada vaxtilə nəşr olunan “Qafqaz” jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına “Banin” imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırladıb.
Bu ənənənin indi də davam etdirildiyini deyən M. Əliyeva Fransanın paytaxtında və regionlarında Azərbaycan mədəniyyət günləri təşkil edildiyini, müxtəlif sərgilər, festivallar, konsertlər keçirildiyini vurğulayıb: “Fransanın bir sıra ali təhsil ocaqlarında Azərbaycan dili fakültələri fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Bu ilin sonunda Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Bu ilin aprel ayında Parisdə Azərbaycanın müasir incəsənətini təqdim edən “Bakıya uçuş” adlı sərgi keçiriləcək. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtımızda ilk fransızdilli məktəbin binasının inşası başlayıb. Heydər Əliyev Fondu Versal sarayının, Luvr muzeyinin və Strasburqun tarixi kilsəsinin bərpasında da iştirak edib”.
M. Əliyeva xalqların bir-birini tanıması üçün bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran çıxış edib.

Qeyd edək ki, ötən ilin aprelində Parisdə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Bakıda fransız incəsənəti sərgisini təşkil etməyi qərara alıblar. Sərgidəki əsərlər fransız zövqü, fransız ideyaları və fransız kreativini əks etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar