Heydər Əliyev Fondu Gürcüstanda dörd yeni məktəb inşa etdirib
16 Sentyabr 2011 Cümə 00:12
Soydaşlarımızın yaşadığı kəndlərdə yerləşən məktəb binalarından ikisi istifadəyə verilib
Gürcüstanda yeni dərs ilinin başlandığı gün - sentyabrın 15-də Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Həsənxocalı və Cəfərli kəndlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları istifadəyə verilib. AzərTACc-ın məlumatına görə, hər iki məktəb kompyuter dəstləri və müvafiq mebellərlə təchiz olunub. Həsənxocalı kənd məktəbində 100-dək, Cəfərli kəndindəki təhsil ocağında isə 50-dək şagird təhsil alır.
Hər iki məktəbin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev kollektivləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar diləmişdir. O, bildirib ki, Heydər Əliyev Fondu bir neçə ildir Gürcüstanda soydaşlarımızın məskunlaşdığı bölgələrdə müxtəlif tipli layihələr həyata keçirir. Bu layihələrin sırasında məktəblərin müvafiq ləvazimatlar, avadanlıqlar və dərsliklərlə təchizatı, binaların əsaslı təmiri, yeni binaların tikilib istifadəyə verilməsi mühüm yer tutur.
İlqar Mustafayev deyib ki, bu il fondun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunda inşa edilmiş iki məktəb binası ilə yanaşı, Marneuli və Qardabani rayonlarının hər birində də bir məktəb binası tikilib. Yaxın günlərdə hər iki məktəb binası istifadəyə veriləcək: “Fond gələcəkdə də bu ənənəni davam etdirəcək. Çalışacağıq ki, soydaşlarımız yaşayan kəndlərdə qəza vəziyyətində olan bir məktəb binası belə qalmasın”.
Mərasim iştirakçıları gürcüstanlı soydaşlara qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov və digər rəsmi şəxslər iştirak ediblər.
DOSTLARINLA PAYLAŞ: